05 avqust 2022 21:38
408

"Zirə" mövsümün açılış matçında qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start verilib.

“İki sahil” xəbər verir ki,  I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında keçirilib. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edib. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə qonaqlardan Məhəmməd Həmdui açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə "Kəpəz"in yeni transferi Mixeil Ergemlidze tarazlığı bərpa edib. 83-cü dəqiqədə "qartallar"dan Dmitrios Çantakias birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan başqa, 87-ci dəqiqədə Gəncə təmsilçisinin vurduğu qol Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan VAR sisteminə baxıldıqdan sonra ləğv olunub. Videotəkrar sistemi Ergemlidzenin dubl etdiyi epizodda ofsayd qeydə alıb. Matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə isə Sertan Taşkın "Zirə"nin qələbə qolunu vurub.

Bu nəticədən sonra "Zirə" 3 xalla birinci pilləyə yüksəlib. "Kəpəz" isə 1 xalla ikincidir.

Qeyd edək ki, tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yükun vurulacaq.