Humanitar çağırışların müəllifi kimi tanınan ölkəmizdə irəli sürülən beynəlxalq təşəbbüslərin davamı olaraq yaradılan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi gələcəyimizə etibarlı təminatdır
Dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəldiyi son illərdə «Niyə Azərbaycan?» sualına maraqlı qüvvələrin yanaşma tərzləri fərqli olsa da , cavab dəyişilməzdir: Düşünülmüş daxili və xarici siyasəti nəticəsində beynəlxalq əlaqələri möhkəmlənən, dünya siyasətinə təsir imkanları artan, prinsipial mövqeyinə sadiq qalaraq etibarlı tərəfdaş kimi tanınan, diplomatiyası dəstəklənən, Qərb ilə Şərq arasında sivilizasiyalararası dialoq məkanı kimi seçilən Azərbaycan nadir, dayanıqlı inkişaf yolu ilə dünyaya inteqrasiya edən məkandır. Avropa ilə Asiya arasında körpü olan, sivilizasiyaların birləşdiyi məkanda yerləşən, mötəbər tədbirlərə ev sahibliyi edən, tolerantlıq, dinlərarası, millətlərarası münasibətlərlə bağlı təcrübəsi təbliğ olunan, milli-mənəvi sərvətlərini bəşəri dəyərlərlə zənginləşdirən Azərbaycan dünya ictimaiyyətinə ünvanlanan çağırışların səsləndirildiyi tolerant ölkədir.
«Niyə»nin səbəbini «qara piar» fonunda axtaranlar, həqiqətləri şəxsi maraqları baxımından yozanlar yalnız ermənipərəst dairələrə xidmət göstərənlərin təbliğat maşını olan «Human Rights Watch» , Amnestiy İnternational, Freedom House, «The Guardian» , BBC kimi qərəzli qüvvələrə xidmət edənlər belə artıq İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Qələbə çalan Azərbaycanın Zəfərini etiraf edirlər. Ötən illərdən bəri qazanılan uğurların xronikasına qısa nəzər salmaqla Azərbaycanın qüdrətli dövlətə çevilməsi, sivlizasiyalararası mərkəz kimi tanınmasının formulu aydın olur: Prezident İlham Əliyevin göstərdiyi qətiyyət, siyasi iradə, Vətənimizin qüdrətlənməsi naminə çəkilən zəhmət. Uğura aparan yolda dövlət başçımızın siyasətini potensial gücü, birliyi ilə dəstəkləyən Azərbaycan gəncliyinin də xidmətləri böyükdür. Faktlara və tarixi hadisələrə nəzər salaq.
2012-ci ildə «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın gəncliyi üçün özünütəsdiq imkanları yarandı. İstedadları, müsiqi duyumları, mədəniyyətləri, dünyada baş verən siyasi, iqtisadi yeniliklərə baxış tərzləri ilə diqqəti cəlb edən oğlan və qızlarımız bacarıq və multikultural dəyərləri ilə də qonaqlarda xoş təəssürat yaratdılar. 2015-ci ildə dünyada ilk təcrübə olan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə dünyada idman ölkəsi kimi tanınan Azərbaycan gəncləri olimpiya hərəkatında qazandıqları uğurlarının sayını artırdılar. I Avropa Oyunlarında iştirak edən dövlətlərin bayraqlarını bir araya gətirən Azərbaycan sonrakı illərdə yenidən dünyanın diqqət mərkəzinə çevrildi. Xəzərin qoynunda yerləşən Odlar diyarımız 2016-cı ildə təşkil olunan şahmat olimpiadasına, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına, futbol üzrə «Avropa-2020»nin final mərhələsinin 4 matçına ev sahibliyi etdi.
«İki il ərzində həm Avropa, həm İslam Oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq» söyləyən Prezident İlham Əliyev qazanılan uğurlarda aparıcı qüvvə kimi Azərbaycan gəncliyinin rolunu, fəallığını, yeniyetmələrdən ibarət formalaşan «könüllülər hərəkatı»nı yüksək qiymətləndirdi. I Avropa Oyunlarının açılışı münasibətilə iştirakçıların şərəfinə təşkil olunan mərasimi yarışlara göstərilən ictimai marağ adlandıran, gənclərin fəallığını qiymətləndirən Prezident İlham Əliyev kütləviliyi gəncliyin tükənməyən gücü kimi dəyərləndirdi: «Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır... Oyunların məşəlinin bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün 2 milyona yaxın insan küçələrə, meydanlara çıxıb ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin.»
Paytaxtımızda «Bakı 2019»” XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsində də Azərbaycan gəncləri nəyə qadir olduqlarını göstərdilər. 14-18 yaşlı idmançılar üçün ilk çoxprofilli tədbir olan «Zirvələrə hazırıq”» devizi altında keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında 122 idmançı ilə iştirak edən Azərbaycan gəncləri Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı Festivalda ən yüksək səviyyədə təmsil olundular.
Cari ilin iyun ayında ölkəmizdə keçirilən Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransı da quruma daxil olan 120 ölkənin gəncləri üçün yaddaqalan oldu. Həmin konfransda
Parlament Şəbəkəsinin Hərəkata daxil olan ölkələr arasında həmrəyliyin, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx münasibətlərin təminatına töhfəsi kimi dəyərləndirən Prezident İlham Əliyev faydalı təşəbbüslərin mahiyyətini də açıqladı: İnstitusional inkişaf istiqamətində daha mühüm addımlar atmaq, yaranan fürsətlərdən və zamandan vaxtında istifadə etmək,
beynəlxalq arenada hərəkata üzv dövlətlərin maraqlarını qorumaq, dövlətlər arasında həmrəyliyin gücləndirilməsinə dəstək göstərmək .
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin qurumda təmsil olunan 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması Prezident İlham Əliyevin irəli sürdüyü humanitar təşəbbüslərin davamlı olacağına da əminlik yaradır. Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19 ilə əlaqədar xüsusi sessiyasının çağırılması, humanitar təkliflərin üzv dövlətlər tərəfindən dəstəklənməsi, Azərbaycanın 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə ayırması, peyvənd millətçiliyinə qarşı etirazı, vaksinlərin ədalət prinsiplərinə uyğun bölünməsi çağırışı ölkəmizin humanitar siyasətindən qaynaqlanan multikultural dəyərlərə sadiqlik nümunəsi olmaqla Qoşulmama Hərəkatının möhkəmlənən mövqeyinin də ifadəsi idi. Bu cür humanitar təşəbbüslərdə də Azərbaycan gəncliyi nümunə göstərdi.
Parlament diplomatiyasında gənclərin fəallığını günümüzün aktual mövzusu kimi dəyərləndirən Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatında Gənclər Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün reallaşması ölkəmizin QH-yə sədrliyi dövründə daim diqqətdə saxlanılan gənclərlə iş sahəsinə diqqətin davamlı proses olduğunu göstərir. Belə ki Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli, 1-5 mart 2021-ci il tarixlərində isə beynəlxalq səviyyələrdə Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən quruma üzv olan 39 dövləti təmsil edən 60 gəncin iştirakı Hərəkatın fəaliyyət cografiyasının genişləndiyini göstərir.
Bakı konfransındakı çıxışında « Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır» sözləri ilə gənclərin ölkəmizə səfərinin beynəlxalq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin təşkilatın fəaliyyəti ilə bağlı ən mühüm təşəbbüsləri sırasında qurumun Parlament Şəbəkəsinin və Gənclər Şəbəkəsinin formalaşdırılması xüsusi yer tutur. Qoşulmama Hərəkatının yaradılmasının 60-cı ildönümünə təsadüf edən Gənclər Şəbəkəsinin yaradılmasının humanitar təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycanın quruma sədrliyi dövründə reallaşması ölkəmizin beynəlxalq aləmdə qazandığı etimada göstərilən dəstəkdir. Gənclər Şəbəkəsinin formalaşmasının dünyanın demoqrafik statistikasına görə gənclərin sayının artdığı bir məqama təsadüf etməsi müxtəlif ölkələrdə yaşayan gənclərin eyni məqsəd, amal naminə birliyinin təminatı baxımından böyük əhəmiyyətə malikdir. Çünki qlobal hadisələrin yaratdığı problemlər daha çox gənclərin həyatına təsir edir. İqtisadi böhranın, pandemiyanın yaratdığı müasir dövrümüzdə dünya gənclərinin sosial müdafiəsinin lazımi formada təşkilindən, keyfiyyətli təhsillə, tibbi xidmətlə, yüksək həyat tərzi ilə əhatə olunmalarından danışmaq hələ tezdir. İrqi ayrı-seçkilik hallarının artdığı , miqrantlara göstərilən ədalətsiz münasibətlərə, haqsızlıqlara beynəlxalq ictimaiyyətin səssiz qaldığı, yüz minlərlə gəncin məşğulluq səviyyəsinin sıfır həddində olduğu müasir dövrümüzdə sağlam düşüncəli gənclərin bir təşkilatda birləşmələri aktual problemlərin həlli üçün atılan ciddi addımdır. Daim insana dəyər verən, humanitar təşəbbüsləri ilə diqqət çəkən Prezident İlham Əliyevin QH daxilində Gənclər Şəbəkəsinin yaradılması təşəbbüsü dünyamızın gələcəyi naminə dəstəklənən humanitar addım, xeyirxahlıqdır. BMT-nin «2030-cü ilədək Dayanıqlı İnkişaf gündəliyi»ndə də gənclərin inkişafı, qlobal hadisələrdə iştirakı əsas məqsəd kimi göstərilir. Beynəlxalq forumlarda yeni nəslin problemlərinin həlli yollarının araşdırılması baxımından Gənclər Şəbəkəsinin təsis olunması, təşkilat kimi fəaliyyət göstərməsi günümüzün tələbidir. Yeni nəslin elmə, yeni texnologiyalara yiyələnməsini, fiziki sağlamlıqlarının qorunmasını, yüksək keyfiyyətli təhsillə əhatə olunmasını planetimizin qorunması baxımından başlıca amil hesab edən Prezident İlham Əliyev güvəndiyi və böyük inam bəslədiyi Azərbaycan gəncliyinin humanitar təşəbbüslərdə iştirakını vacib hesab edir, onların avanqard qüvvə kimi fəallıq göstərəcəklərini bildirir. Bütün cəmiyyətlərin aparıcı qüvvəsini təşkil edən gəncliyin potensialından səmərəli istifadəyə xüsusi diqqətlə yanaşır. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin qlobal miqyasda tanınması, fəaliyyət istiqamətlərinin genişlənməsi üçün hazırlanan konsepsiyada qeyd olunan perspektivlər dünya siyasətinə töhfə verəcək səviyyədə möhtəşəmdir. Sammitin son tədbirinin mədəniyyət paytaxtımız Şuşada keçirilməsi iştirakçıların Azərbaycan reallıqları ilə tanışlığına imkan yaratmaqla, xalqın birlik və həmrəyliyinin yaratdığı xarüqələrin təbliği baxımından da böyük əhəmiyyətə malikdir.
Xuraman İsmayılqızı, "İki sahil"