05 avqust 2022 08:36
500

Azərbaycan Prezidenti: Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir

Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.