KÖŞƏ

Sevinc Azadi

Ermənilər Laçın şəhərindən də yan keçəcəklər

05 iyul 2022 21:46
3149

Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcəklər

Laçın şəhəri, Sus və Zabux kəndləri ətrafında vəziyyət Ermənistanda getdikcə daha böyük ajiotaja səbəb olmaqdadır. Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər. Alternativ yolun yekunlaşmaq üzrə olması Ermənistanda revanşist qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı daha aktiv fəaliyyətə keçmələri və müxtəlif ittihamlar səsləndirmələri ilə müşayiət edilir. Özünü Qarabağ separatçılarının "ombudsmanı" kimi təqdim edən Geqam Stepanyan iyulun 1-də deyib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər. Laçın şəhərindən çıxarılacaq ermənilərə gəlincə, onun sözlərinə görə, bu məsələni Ermənistan hakimiyyəti həll edəcək və çox güman ki, onlara Ermənistanda mənzillər veriləcək. Geqam Stepanyan bildirib ki, hələ ki Laçın şəhəri, Zabux və Sus kəndlərinin erməni “sakinləri”nin təxliyəsi üzrə iş aparılmır. Lakin o, həmin ermənilərin Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə qalmasını mümkün hesab etmir və bununla bağlı müvafiq addımlar atılacağını vurğulayıb.

Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilərin başçısı Narek Aleksanyan qeyd edib ki, hazırda əhalinin şəhəri tərk etməyə xüsusi meyli yoxdur: “Mən Xankəndidəyəm, amma Laçınla telefon vasitəsilə əlaqə saxlayıram. Dəhliz dəyişdirildikdən sonra əhalinin Laçını tərk edəcəyi ehtimal edilir. Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada, demək olar ki, cəmi 30-a yaxın ailə qalıb”. Aleksanyan etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə gedib. O bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır: “Ermənistan hökuməti bizi evlə təmin edəcəkmi, bilmirəm. Amma bizdən əvvəlkilər evlə təmin olunmadı. Hələ ki sakit şəkildə gözləyirik. 10-a yaxın ailə artıq köçmək haqqında düşünür. Digərləri isə son anda qərar verməyi planlaşdırır”.

Zabuxdakı ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətirilib və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər. İndi isə buranı tərk etməli olacaqlar. Erməni mediası bildirir ki, Azərbaycan ermənilərin Laçın şəhəri, Sus və Zabux kəndlərini tərk etməsi üçün əlavə vaxt vermək niyyətində deyil və alternativ yol hazır olan kimi fəaliyyətə keçəcək. Qeyd edilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri də mənasızdır. Xatırladaq ki, iyunun 30-da Armen Qriqoryan növbəti məntiqsiz bəyanat verib. Onun sözlərinə görə, Laçın və Zabuxda qanunsuz məskunlaşmış erməni əhalinin köçürülməsi hələ il yarım çəkəcək. Halbuki, Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə uzanan yeni yolun çəkilişi artıq başa çatmaq üzrədir. Elə bu fonda vurğulanır ki, yeni yolun çəkilişi qurtaran kimi ermənilər hər üç yaşayış məntəqəsini tərk etməli olacaq. Bunu Ermənistanın “Hraparak” nəşri də xüsusi olaraq vurğulayır.

Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Onu da bildirək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir. Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yeni yolun istifadəyə verilməsi ilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək. Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Söhbət "Laçın dəhlizi" adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi - Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?