03 iyul 2022 09:49
479

Türkmənistan qazının Türkiyə bazarına çatdırılması üçün hazırlıqlar yekunlaşmaq üzrədir

Türkmənistan təbii qazının Türkiyəyə çatdırılması üçün 3 variant üzərində iş aparılır və bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Fuat Oktay Türkiyənin Aşqabaddakı səfirliyinin iqamətgahında deyib.

Türk dünyası ilə Türkiyə arasında əlaqələrin sürətlə inkişaf etdiyini gördüyünü deyən F.Oktay bildirib: “Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və bir çox digər sahələrdə əlaqələrin daha sistemli və institusional şəkildə necə inkişaf etdiyini görürük. Bunun üçün başda prezidentimiz olmaqla türk dövlətlərinin rəhbərləri böyük səylər göstərirlər. Təbii ki, bu, regional sülhə və regionun iqtisadi inkişafına töhfə verəcək layihədir".

Türkiyə ilə Türkmənistan arasında münasibətlərə nəzər salanda inkişaf mənzərəsinin müşahidə olunduğunu bildirən F.Oktay deyib: “Biz Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi daxil olan qardaş Türkmənistanı Özbəkistanda keçiriləcək növbəti görüşdə daimi üzv kimi görmək istərdik”.

F.Oqtay deyib ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və tikinti sahələrində imkanları genişləndirəcək layihələr var.

Türkmənistan təbii qazının Türkiyəyə gətirilməsi üçün bir neçə alternativin olduğunu deyən Oktay bildirib: "Biz 3 alternativ üzərində işləyirik: Xəzərdən keçən TANAP xəttinin istifadəsi, SWAP müqaviləsi və ya boru kəməri, dəniz yolu ilə boru kəmərinə qədər. Məmnuniyyətlə demək istəyirəm ki, biz işləri tamamlanmağa çox yaxınıq".