02 iyul 2022 19:21
538

Polis orqanları yarandığı gündən qəhrəmanlıq, humanizm simvolu olub

“Bu gün Azərbaycan Polisinin 104 yaşı tamam olur.  Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları yarandığı gündən qəhrəmanlıq, humanizm simvolu olub, ölkədə asayişin, təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın qorunmasında, cinayətkarlığa qarşı mübarizədə fədakarlıqlar göstərib.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Tərxis Olunmuş Hərbcilərin Gəncləri Maarifləndirə İctimai Birliyinin sədri Emin Həsənli söyləyib.

E.Həsənli bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan polisinin  fəaliyyətinə çox  yüksək qiymət verib: “Dahi Lider yaxşı bilirdi ki, respublikada möhkəm ictimai-siyasi sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Ümummilli Lider Azərbaycana rəhbərliyi dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Ulu Öndərin birbaşa rəhbərliyi ilə DİN və onun strukturlarında aparılan köklü islahatlar polisin yeni obrazını yaratdı. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı.”

Həmsöhbətimiz  diqqətə çatdırıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir və zənginləşdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülür. Bu gün polis orqanlarında uzun illər şərəfli xidmət yolu keçən kadrlar Azərbaycan Respublikasının daxili işlər naziri, polis general- polkovniki Vilayət Eyvazovun başlatdığı islahatlara dəstək verir, var qüvvələri ilə polisin şərəfli adının qorunmasına çalışırlar.

Emin Həsənli vurğulayıb ki, COVID 19 pandemiyası dövründə Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı, eyni zamanda, ictimai asayişi də qorumalı idi. Azərbaycan polisi bu vəzifənin də öhdəsindən layiqincə gəlməklə bir daha yüksək peşəkarlıq və şücaət göstərdi.

Müsahibimiz qeyd edib ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan əsgərinin şücaəti ilə əldə olunan şanlı Qələbədə, sözsüz, daxili işlər orqanlarının və DİN-in Daxili Qoşunlarının da xüsusi payı var. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdi: “Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.”

E.Həsənli bildirib ki, 104-cü ildönümünü qeyd edən Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində, müstəqil dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında müstəsna xidmətlər göstərir. Torpaqlarımızın müdafiəsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər istiqamətlərdə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir. Azərbaycan polisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin inam və etimadını öz peşəkar xidməti ilə doğrultmaq üçün bundan sonra da var qüvvəsi ilə çalışacaq. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla Azərbaycan dövlətinin dəyərlərini şərəflə qoruyan, xalqımızın təhlükəsizliyini vicdanla təmin edən bütün polislərimizi ürəkdən təbrik edir, hər birinə fəaliyyətlərində yeni uğurlar arzulayıram. Peşə bayramınız mübarək olsun, əziz Azərbaycan polisləri!