01 iyul 2022 15:01
545

İfaçıların nitqində dilimizə yad intonasiyalar mövcuddur

"İfaçıların nitqində dilimizə yad intonasiyalar mövcuddur, eləcə də vokal sənətinin digər dillərin fonetikası üzərində qurulması ciddi norma pozuntusudur".

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi Aygün Qurbanova “Mahnı janrı və Azərbaycan dili” adlı tədbirdə deyib.

Tədbirdə ifaçıların nitqində bu kimi qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqə başlanıldığı da vurğulanıb.

Mahnının yaranmasında söz, bəstə və ifanın vəhdətini mühüm amil kimi dəyərləndirən Mərkəzin baş mütəxəssisi Aygün Qurbanova bu sahədə ciddi probemlərin olduğunu bildirib.

O, hazırda mahnıların böyük əksəriyyətinin peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjimançılar tərəfindən hazırlandığını qeyd edərək mahnı mətnlərinin də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazıldığını bildirib.

Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnı ifaçılarının nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqlərə başlanılıb.