01 iyul 2022 03:17
642

Görün yuxusuzluq insan qanını necə dəyişdirirmiş...

Amerikalı mütəxəssislər yuxu rejimində köklü dəyişikliyin insan sağlamlığına necə təsir edə biləcəyini müəyyən ediblər. Onların işlərinin nəticələri çox təəccübləndirici olub.

Bu yaxınlarda Kolorado Boulder Universitetinin alimləri ilk dəfə olaraq insan qanında zülal səviyyəsinin onun yatdığı və yemək yediyi vaxtdan asılı olaraq 24 saat ərzində necə dəyişə biləcəyini araşdırıblar. Mütəxəssislər heyrətləndirici nəticələr əldə ediblər: əgər insan bütün gecəni oyaq qalarsa, 100-dən çox müxtəlif zülalın səviyyəsində əhəmiyyətli dəyişikliklər baş verir. Söhbət qan şəkərinin səviyyəsinə, maddələr mübadiləsinə və immun funksiyasına təsir edən zülallardan gedir.

İllər keçdikcə tədqiqatçılar nizamsız yuxu rejiminin və ya gecə növbələrinin sağlamlığa zərərli ola biləcəyinə dair artan sübutlar tapdılar. Beləliklə, əvvəlki araşdırmalar göstərdi ki, beyin daimi yuxusuzluqdan sonra özünü "yeməyə" başlayır. Üstəlik, yuxusuzluq bədxassəli şişlərin inkişafına kömək edə bilər.

Amerikalı mütəxəssislərin yeni işi gecə növbəsinin qanda müəyyən zülalların ifadəsini və səviyyəsini necə dəqiq dəyişə biləcəyinin öyrənilməsinə həsr olunub.

Mütəxəssislər altı sağlam kişini eksperimentdə iştirak etməyə dəvət ediblər: altı gün ərzində subyektlər tədqiqat mərkəzində olublar. Alimlər iştirakçıların yuxusunu, qidalanmasını və işığa məruz qalmasını izləyiblər.

Mütəxəssislərin 1129 zülalın göstəricilərindəki dəyişiklikləri izləyə bilməsi üçün hər dörd saatdan bir qan götürülüb.

İki günlük adi rejimdən sonra könüllülər gecə həyat tərzinin imitasiyasına keçiblər: gün ərzində onlar 8 saat yatıblar, gecələr isə oyaq qalıblar və qidalanıblar. Nəticədə 129 zülalın 24 saatlıq təbii dövrü dəyişib.

Məlum olub ki, sirkadiyalı ritmlərin dəyişməsi ilə əlaqədar 30 zülalın səviyyəsi əhəmiyyətli dərəcədə dəyişib; adətən onların səviyyəsi 14:00 ilə 21:00 arasında ən yüksək dəyərləri göstərirdi.

Alimlər, həmçinin qlükaqon adlı zülalın fəaliyyətinin pozulmasını müşahidə ediblər. Aydınlaşdırmaq üçün bildirək ki, qlükaqon şəkərin qaraciyərdən qana keçməsini stimullaşdıran bir proteindir.

Tədqiqatçılar təklif edirlər ki, bu xüsusi pozğunluq gecə növbəsində işləyənlər arasında müşahidə olunan yüksək diabet nisbətlərini izah etməyə kömək edə bilər.

Alimlərin fikrincə, bəzi bioloji pozğunluqlar daha uzun müddət ərzində normala qayıda bilər. Elə gecə növbəsində işləyənlərin sağlamlığı ilə bağlı uzunmüddətli tədqiqatlar da məyusedici nəticələr göstərir: onlarda şəkərli diabet və xərçəng kimi xəstəliklərə daha çox rast gəlinir.

Tədqiqatın nəticələri “PNAS” elmi nəşrində dərc edilib.

Nubar Süleymanova, “İki sahil”