01 iyul 2022 01:13
563

Erməni vandalizminə etinasızlıq…

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı işğal dövründə ermənilərin bu vəhşiliklərinə laqeydlik nümayiş etdirilməsini diqqətə çatdırıb

Təcavüzkar  Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağda xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə- yeksan edilib, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Xocavənd rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib. Həmçinin işğal olunmuş ərazilərdə yerləşən Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidləri, Ağdamda Cümə məscidi dağıdılmış, Ağoğlan, Xudavəng, Gəncəsər məbədləri və sair erməniləşdirilərək qriqoryanlaşdırılmışdır. Qarabağ və Şərqi Zəngəzurda illərlə davam edən bu talan həm də xalqımızın milli-mənəvi irsinin məqsədyönlü şəkildə məhvi idi. Aşağı Gövhərağa məscidi Şuşanın ikinci Cümə məscididir. 1874-1875-ci illərdə İbrahimxəlil xanın qızı Gövhər Ağanın maddi vəsaiti ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid xalq arasında Aşağı Gövhərağa məscidi kimi tanınıb. Şuşanın Saatlı məhəlləsində yerləşən Saatlı məscidi 1883-cü ildə Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib. Rəngarəng kərpiclərdən naxışvari formada inşa edilən minarəsi ilə məşhur olan bu məscid 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra yararsız vəziyyətə salındı. Erməni əsgərləri tərəfindən məscidin minarəsinin başlığı və içərisi dağıdıldı.

Təxminən 30 illik işğal dövründə  Azərbaycanın yeraltı, yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Qırx dörd günlük Vətən müharibəsində  Azərbaycanın tarixi Qələbəsi sayəsində işğaldan edilmiş ərazilərdə bu prosesə son qoyuldu. Düşmən Ağdam rayonunu tərk edəndən sonra Ermənistan tərəfindən bu rayonda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin işğalçı ölkəyə daşınılması faktı aşkarlanıb. Düşmən bununla kifayətlənməyərək, işğaldan azad edilən ərazilər boşaldılarkən, həmin yerlərdə maddi-mədəniyyət nümunələrimizi dağıtmaqla bərabər, torpaqları minalayır, hərbi hissələri dağıdır, yaşayış məntəqələrindən çıxarkən meşələri və evləri yandırırdılar.

Azərbaycanın30 il işğal altında olmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə törədilən cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün dünya mədəniyyətinə qarşı təcavüzdür.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib ki, Azərbaycanın tarixi və mədəni irsi işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edən xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var. Bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər: “Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”.

Zahid Rza, “İki sahil”