01 iyul 2022 00:28
529

Qardaş ölkənin NATO zəfəri

Qərb anladı ki, Türkiyə kimi qüdrətli ölkəni itirmək onlara baha başa gələ bilər

Rusiya- Ukrayna müharibəsindən  qorxuya düşən İsveç və Finlandiya təcili olaraq NATO-ya üzv olmaq niyyətini ortaya qoydu. Lakin həmin ölkələrin bu hərbi alyansa girməsini isə qardaş Türkiyə haqlı olaraq əngəlləyirdi.  Ona görə ki, hər iki ölkə Türkiyənin illərlə mübarizə apardığı terrorçu PKK və onun  qolları olan  YPK və PYD – yə, hətta  FETÖ-yə maliyyə və hərbi dəstək verirdi. Nəhayət, ciddi danışıqlardan sonra onlar Türkiyənin sərt tələblərini qəbul etmək məcburiyyətində qaldılar.

Qeyd edək ki, NATO-nun Madrid sammiti zamanı Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb. Həmin sənəddə Türkiyənin  İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı irəli sürdüyü şərtlərin hamısı ifadə olunub. Bununla da  Türkiyə və NATO arasında yaşanan problem artıq həll olunmaq üzrədir.

Düzdür,  bu məsələdə Türkiyə NATO-nun və onun aparıcı qüvvəsi olan ABŞ-ın təzyiqləri ilə üzləşirdi. Çünki qardaş ölkə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün qarşısını almaqla, əslində bu hərbi-siyasi alyansın genişlənmə prosesini bloklayırdı. Bütün bunlara baxmayaraq Türkiyə qətiyyətli liderinin- cənab Rəcəb Tayyib Ərdoğanın dəmir iradəsi ilə nəinki təzyiqlərə davam gətirməyi bacardı, hətta NATO-nu onun şərtlərini qəbul etməyə məcbur etdi.

Memoranduma görə İsveç və Finlandiya PKK və onun törəmə təşkilatları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq etmək öhdəliyi götürüb. Eyni zamanda, hər iki ölkə PYD/YPG və FETÖ-yə daha heç bir dəstək verməyəcək, terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirəcək.

Digər tərəfdən, sənəddə PKK və onun müxtəlif qollarını təmsil edən şəxslərin  fəaliyyətlərinin qadağan edilməsi və Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması da qərara alınıb. Həmçinin memarandumda terrorçuların ekstradisiyasına dair konkret addımların atılması və bunun ikitərəfli müqavilələrlə tənzimlənməsi də xüsusi qeyd edilib.

Təbii ki, büün bu öhdəliklərə uyğun olaraq  hər iki ölkənin milli qanunvericiliyinə düzəlişlər ediləcək. Eyni  zamanda, Türkiyənin təkidi ilə həmin öhdəliklərin yerinə yetirilməsi üçün ədliyyə, kəşfiyyat və təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizm yaradılacaq. Bu isə o deməkdir ki, məsələ yalnız üçtərəfli anlaşmaların imzalanması ilə yekunlaşmır. Hətta əldə olunmuş razılaşmanın müddəalarının necə yerinə yetirilməsinə də ciddi şəkildə nəzarət olunacaq.

İndi qardaş Türkiyənin düşmənləri məyus haldadır. Çünki dünyanın ən nüfuzlu hərbi-siyasi qurumu hesab edilən NATO məhz Türkiyənin haqlı tələbləri qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu  təşkilat bir daha anladı ki, Türkiyə kimi  qüdrətli ölkəni itirmək onlara baha başa gələ bilər.  Bütün bunlarla qardaş ölkə düşmənlərinə bir daha mesaj verdi ki, bizim milli maraqlarımıza toxunanlara həddini bildirməyi də bacarırıq. Bu, bir daha göstərdi ki, Avropa artıq Türkiyənin gücü və qüdrəti ilə hesablaşır və buna məcburdur.

Xüsusi vurğulamaq lazımdır ki, əgər İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul etməsəydi, böyük ehtimalla NATO daxilində ciddi ziddiyyətlər yaranacaqdı. Hətta bu ziddiyyətlərin sonradan NATO-nun parçalanmasına qədər inkişaf edə biləcəyi də gözlənilən idi. Ancaq NATO-nun rəhbərliyi ilk gündən bu təhlükəni nəzərə alması ilə diqqət çəkdi. NATO-nun Baş katibi Yens Stoltenberq rəsmi Ankaranın tələblərini  ictimailəşdirməsindən dərhal sonra Türkiyənin haqlı olduğunu bəyan etdi. Bununla da Türkiyənin terrorizmdən ən çox zərər çəkən NATO ölkəsi olduğunu xüsusi vurğuladı.

Elçin Zaman, «İki sahil»