30 iyun 2022 23:57
543

Xəzər sülh və dostluq, mehriban qonşuluq dənizidir

Türkmənistanda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında məntiqli çıxışı ilə diqqət çəkən Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi artıq reallığa çevrilir!» sözləri Aşqabaddan Ermənistana türk birliyinin sarsılmazlığı xəbərdarlığıdır

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantılarında söylənilənlər, dənizin hüquqi statusu ilə bağlı imzalanan sənədlər sahilyanı ölkələrin qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli layihələrin həyata keçirilməsi, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Ötən illərin təcrübəsi göstərir ki, SSRİ dağılandan sonra Xəzəri təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qoruyub saxlamaqda qətiyyətli mövqeyi ilə seçilən Azərbaycan daim konstruktiv, həlledici səylər göstərib.

Sahilyanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri sürən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanmasında dövlət başçımızın mühüm rolunun olması beynəlxalq səviyyədə etiraf olundu. İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsini, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmanı, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edən sənədlərdə əksini tapmasıdır.

Bu günlərdə Türkmənistanda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyev məntiqli çıxışı ilə diqqəti cəlb edərək bildirdi ki, Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiyanı əlamətdar tarixi hadisə adlandıran dövlət başçımız çoxillik birgə fəaliyyət və qarşılıqlı anlaşma nəticəsində imzalanmış bu sənədi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində inam və etimadı əks etdirən mühüm addım kimi dəyərləndirir. Konvensiyanın qüvvəyə minməsi ilə sahilyanı dövlətlərin hərtərəfli, qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər üçün möhkəm hüquqi zəmin yarandı.

Sahilyanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur. Əməkdaşlıq barədə sazişlərin əks olunacağı yeni layihələrlə bağlı müzakirələrin aparıldığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki,
Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də mövcuddur: «Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.»

Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil edir.
 Bəllidir ki, Xəzər ətraf ölkələrin nəqliyyat infrastrukturunun genişlənməsi, xidmətlərin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm mənbədir. Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır: «Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq» sözləri ilə nəqliyyat-logistika infrastrukturunun inkişafına töhfə olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsini bölgə dövlətləri üçün əməkdaşlıq körpüsü adlandıran, bu limanın ölkələrarası yükdaşımalar üzrə əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bildirir ki, müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən -ilə artır. Azərbaycanda keçirilməsi planlaşdırılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşündə həlli vacib daha mühüm məsələlərin müzakirəsi planlaşdırılır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqları diqqətə çatdıran, bölgə dövlətlərinin iqtisadi inkişafı üçün mühüm amil olan nəqliyyat infrastrukturunun yenilənməsinin vacibliyindən söz açan Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı Azərbaycanın göstərdiyi səyi bir cümlə ilə ifadə etdi: «Zəngəzur dəhlizi artıq reallığa çevrilir.»

Bəllidir ki, hazırda planetin gələcəyi üçün narahatlıq keçirən, milli münaqişələrdən, terrorlardan təngə gələn dünya ictimaiyyətini düşündürən problemlər çox olsa da suda, quruda ekoloji tarazlığın pozulması, iqlim dəyişikliyi, quraqlıqlar, torpaqların erroziyaya uğraması, ərzaq çatışmazlığı, siyasi sabitliyin təhlükə altında qalması kimi həyati məsələlər aktuallığını qoruyur. Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir. «Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda «Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında»” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub. Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq» sözləri ilə ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını da ifadə edib.

Türkmənistan Parlamenti Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulunun əhəmiyyətini birgə fəaliyyətin istiqamətləri kimi dəyərləndirən Prezident İlham Əliyev Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qəbul edilməsini türk birliyinin təcəssümü adlandırdı.

Prezident İlham Əliyevin «Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir» sözləri Xəzəryanı dövlətlər arasında əməkdaşlığın bundan sonra daha möhkəm tellərlə bağlanmasını təmin edəcək Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini əks etdirir.

Xuraman İsmayılqızı, «İki sahil»