KÖŞƏ

Vəli İlyasov

Tazıya “tut” deyənlər...

01 iyul 2022 00:59
791

Solovyov soyadını dəyişib Solovyan qoysa daha düzgün olar

Haqqında dəfələrlə danışdığımız  Vladimir Solovyovun hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilən yaramaz olduğunu bilirik. Yaltaqlıqda, ədalət meyarlarını ayaq altına atmaqda, şərəfini murdarlamaqda  sonsuz “sevgi və sayğı” bəslədiyi erməniləri də keçib.

Belə ki, o, Azərbaycanla Ermənistan arasında gərginliyi daha da artırmaq üçün David Babayan adlı terrorçunu  tamaşaçılara mövcud olmayan qondarma "Dağlıq Qarabağ"ın “xarici işlər naziri” kimi təqdim edib. O, adətinə uyğun olaraq bu dəfə də veriliş zamanı pullu ağalarına yarınmaq üçün “yaxasını cıraraq”  canfəşanlıq nümayiş etdirib. Həmin verilişdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib, o cümlədən ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik sərgiləyib. 

Bir neçə gün əvvəl Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında imzalanan informasiya təhlükəsizliyi haqqında sənəddə hər iki ölkənin mediasında bir-birinə qarşı qərəzli informasiyanın yayılmasının qarşısının alınması əsas məqsəd kimi qeyd edilsə də, gözü ayağının altını görməyən ermənipərəst Vladimir Solovyov Rusiyanın federal "Rossiya 1" telekanalında və "Vesti - Fm"də  bütün bu anlaşmanın üstündən qara xətt çəkməyə cürət edib. İrəvan konyakının təsirinə bax ha! “Cəsarət dərmanı”nın gücünü görürsünüzmü?

Vurğulayaq ki, sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı informasiyanın yayılmasının qarşısı alınması ilə bağlı xüsusi bənd qeyd edilsə də, cəmi bir neçə gün sonra bu razılaşma bilərəkdən kobudcasına pozulur. Özü də harada? Rusiyanın federal telekanalında...

Belə görünür ki, Sergey Lavrovun Minsk qrupu ilə bağlı ermənilərin xoşuna gəlməyən bəyanatı, iki tərəf arasında beynəlxalq informasiya təhlükəsizliyi ilə əlaqədar sənədin imzalanması Rusiyadakı erməni media mafiyası tərəfindən xoş qarşılanmayıb. Görünür, qəzəblənmiş  Marqarita Simonyan həmin şəbəkənin əsas yuvalarından biri olan Vladimir Solovyovun verilişi vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurmaq üçün qondarma qurumun özünü “xarici işlər naziri” adlandıran terrorçusunu efirə dəvət edib.

Ermənilərin baş trollarından biri hesab edilən Solovyov bunu edərkən çox yaxşı bilirdi ki, məlum efirdəki sujet imzalanan ikitərəfli sənədlərə tamamilə ziddir. Belə görünür ki, ermənilərə yarınmaq, yaltaqlanmaq üçün Solovyov hətta öz hökumətinin qərarlarını belə vecinə almır. Ona görə ki, onun əqidə seçimi aldığı pulun məbləğindən asılıdır. Görünür İrəvan konyakı və pulun miqdarı onu əməlli-başlı qudurdub. Gözü ayağının altını görməyən Solovyovun bu qızışdırıcı və təxribatçı hərəkətləri Sergey Lavrov və Ceyhun Bayramov arasında imzalanan informasiya təhlükəsizliyi sazişinə daban-dabana ziddir.

Haqq-ədalətdən dəm vuranda ağzına çullu dovşan yerləşməyən başabəla Solovyovun obyektivlik prinsiplərinə əməl etmək əvəzinə separatçılara geniş  meydan verməsi Azərbaycana, onun ərazi bütövlüyünə, suverenliyinə təhdid olan bir insidentdir. Təəccüblüsü budur ki, Vladimir Solovyov qırdığı qələtlərdən sonra utanmaz-utanmaz David Babayanla müsahibəyə görə efirdə Azərbaycandan "üzr istəyib". Onun üzrü başına dəysin.  Bunu kim qəbul edər?

Ermənilər otuz il bizə hürdülər, axırı nə oldu, ay Vova? Unutma ki, özünü satılıq mala çevirənlər sonda tüpürcək selindən savayı heç nə qazanmırlar!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?