30 iyun 2022 21:57
519

Azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirilir

“Yaşıl enerji” və “sıfır tulantı” konsepsiyaları tətbiq edilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 27 iyun tarixində Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edib. Cənab Prezident çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub. Qeyd etmək lazımdır ki, Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir sürətli urbanizasiyanın yaratdığı problemlərin müzakirəsi məqsədilə keçirilir.

Cənab Prezident şıxışında qeyd etmişdir ki, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir. Bildirilib ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə olunub. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkədə İkinci Dünya müharibəsindən sonra şəhərlərin və kəndlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baç verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər. Azərbaycan-Ermənistan münasibətlərinə toxunan cənab Prezident bildirib ki, Sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər. Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir.

Qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılmasını həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Məcburi köşkünlər 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köşkünlərin qaydışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı “ağıllı kənd”i dünyanın ən müasir kəndlərindən biridir.

Cənab Prezident çıxışının sonunda bildirmişdir ki, “Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sesiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır”

Rauf Əliyev,
Milli Məclisin deputatı