01 iyul 2022 02:16
508

Yoxa çıxmış marşrut avtobusu

Otuz il Lerik rayonunun Daster ərazisinə işləmiş marşrut avtobusu yoxa çıxmışdır. Bu səbəbdən də camaat bir yerə çıxanda böyük əziyyətlə üzləşir.

17 kilometr məsafəni birləşdirən Hamarat-Piran yolu düz Dasterin mərkəzindən keçir. 4 il bundan əvvəl yola asfalt döşəndiyi üçün çox rahatdır. Əvvəllər 2 saata qət olunan yol hazırda 30 dəqiqəyə gedilir. Əhalinin rahatlığına görə dövlət tərəfindən buraya 11 milyondan artıq vəsait sərf olunub. Amma ictimai nəqliyyat işləmədiyi üçün avtomobili olmayanlar bu rahatlıqdan istifadə edə bilmirlər.

Kənd sakinləri deyirlər ki, sovet dağılan kimi marşrut avtobusunu əlimizdən aldılar. Onda yolumuz o qədər də rahat deyildi. Amma avtobusun işləməsi camaatı razı salırdı. İndi qalmışıq ara sürücülərin əlində. Bir yerə çıxa bilmirik, çıxanda da yolpulunu yüksək deyirlər.

Hələlik problemi həll edən tapılmır. Tapılarsa, 35-ə yaxın dağ kəndinin camaatının nəqliyyat problemi həll edilmiş olar.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü