29 iyun 2022 21:12
597

Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir

Cəlil Xəlilov: “Azərbaycan müasir ordu modelinə malikdir və bu istiqamətə səylərini uğurla davam etdirir”

“Komanda qüvvələrinə məxsus yeni hərbi hissənin açılışı ordumuzdakı sürətli inkişafdan xəbər verir”.

“İki sahil” xəbər verir ki, bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, son bugünlərdə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Kəlbəcərdə yeni hərbi hissənin açılışı dövlətimizn öz müdafiə və təhlükəsizliyinin təmininə verdiyi önəmi göstərir:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Hansı ki, ötən il dekabrın 24-də dövlət başçısı Hadrutda birinci komando hərbi hissəsinin açılışında iştirak etmiş, yeni yaranan bu hərbi qüvvələrin önəmindən bəhs etmişdi.

44 günlük Vətən müharibəsi bütövlükdə Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək döyüş hazırlığını ortaya qoymaqla yanaşı, xüsusi təyinatlı qüvvələrimizin qeyri-adi bacarığını da bütün dünyaya göstərdi. Müharibə bir daha göstərdi ki, müasir hərbi əməliyyatlarda elit hərbi hissələrə, peşəkar döyüşçülərə ehtiyac daha böyükdür və bir çox hallarda müharibənin taleyinə onların təsiri daha həlledici olur. Bu baxımdan Kəlbəcərdə ikinci komanda hərbi hissəsinin açılışını dövlətimizin müasir ordu modelinə keçidi baxımından mühüm hadisə kimi dəyərləndirirəm. Hesab edirəm ki, komanda qüvvələrinin artırılması dövlətimizin təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasını təmin edəcək, ordumuzun döyüş qabiliyyətini gücləndirəcək”.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı çıxışında vətənpərvərlik tərbiyəsinin önəminə toxunub, 44 günlük Vətən müharibəsində ordumuzun qələbə qazanmasında bu amilin çox böyük rol oynadığını qeyd edib:

“Kəlbəcərdə komanda qüvvələrinə məxsus hərbi hissənin açılışında çıxışı zamanı dövlət başçısı bir daha vətənpərvərlik tərbiyəsinin əhəmiyyətinə diqqət çəkdi. Ali Baş Komandan vurğuladı ki, torpaqlarımız işğal altındda qaldığı müddətdə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan güclənməsinə səy göstərilməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin inkişafına da xüsusi önəm verilib, bu məsələdə hər zaman diqqət mərkəzində saxlanılıb. Ölkə başçısı açıq şəkildə qeyd etdi ki, “Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.

Dövlət başçısının bu açıqlaması gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin dövlətimizin müstəqilliyi, təhlükəsizliyi, etibarlı şəkildə müdafiəsi baxımından nə qədər mühüm rol oynadığını bir kəs daha göstərir. Bu isə o deməkdir ki, bütün əlaqədar dövlət və qeyri-hökumət təşkilatları, eləcə də veteranlar təşkilatları aktiv olmalı, bu istiqamətdəki səylərini gücləndirməlidir. Unutmamalıyıq ki, sabahımız gənclərimizdən, onların vətənpərvərlik tərbiyəsindən, xalqa, doğma torpağa sevgi və bağlılığından asılı olacaq. Odur ki, hər bir veteran və veteranlar təşlilatı Müzəffər Ali Baş Komandanın siyasətini dəstəkləməli, gənclərlə aktiv iş aparmalı, onları doğru yola yönəltməlidir. Biz 8 Noyabr zəfərinin nəticələrini, o cümlədən, ordumuzun, xalqımızın, cəmiyyətimizin vətənpərvərlik əzmini qoruyub saxlamalıyıq. Milli maraqlarımız, dövlətimizin və xalqımızın maraqları bunu təlbə edir”.