29 iyun 2022 14:08
544

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir

İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan  Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  qonaqları salamlayan müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Pakistan HHQ komandanı da xüsusi qeyd edib ki, xalqlarımız arasında tarixən dostluq münasibətləri mövcuddur. Azərbaycan-Pakistan əlaqələri müxtəlif istiqamətlərdə genişlənərək xeyli güclənib, o cümlədən iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir.

Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.