25 iyun 2022 02:59
504

Miki kəndində səyyar qəbul

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində əhali ilə keçirdiyi görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. 

“İki sahil” xəbər verir ki, icra başçısı görüş iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Miki kəndində keçirdiyimiz görüşlər həmişə işgüzar olmuş, tərəfinizdən qaldırılan problemlərin, verilən təkliflərin böyük əksəriyyəti həllini tapmışdır. Bu kəndin ən böyük problemi olan Taxtanakəran-Miki yolu ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına asfaltlaşdırılaraq istifadəyə verilməklə həllini tapmışdır. Əhalinin güzəranı xeyli yaxşılaşmış, rayonun mərkəzi və qonşu kəndlərlə  gediş-gəliş asanlaşmış, rahatlıq təmin edilmişdir. Lakin ərazi dağlıq olduğu üçün müəyyən problemlər də qalmaqdadır. Onlar da tədricən həll olunacaqdır.

Sakinlər çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər.  Pandemiyadan sonra yaşadıqları kənddə səyyar qəbul keçirən, sakinlərin problemlərinin həllinə köməklik göstərən icra başçısından razılıq edərək, Miki kəndinə qaz xəttinin çəkilməsi, kənddə internet şəbəkəsinin yaradılması, Siyaku kəndinə qəsəbə statusunun verilməsinə köməklik göstərilməsi barədə arzu və təkliflərini bildirmişlər. Birinci Qarabağ müharibəsi şəhidi Teymur Rüstəmovun qardaşı Təcib Rüstəmov şəhid ailəsi kimi anası Simuzər Rüstəmova üçün fərdi yaşayış evinin tikintisinin tezləşdirilməsini xahiş etmişdir.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, həlli mümkün məsələlər barədə tapşırıqlarını vermişdir. Şəhid anası Simuzər Rüstəmova üçün fərdi yaşayış evinin tikintisinin tezləşdirilməsini ilə əlaqədar icra başçısı ƏƏSM nazirliyinin nümayəndələri ilə danışmış, yaxın günlərdə məsələnin həll olunacağı bildirilmişdir. 

Bildirmişdir ki, sadaladığınız məsələlər qlobal məsələlər deyil. Qaz xəttinin çəkilməsi ilə əlaqədar bildirirəm ki, hazırda rayonun Deqədi, Səlivə, Burzubənd kəndlərinin qazlaşdırılması işi sürətlə davam edir. Miki kəndinin qazlaşdırılması da layihələndirilmişdir. Həmin kəndlərdə iş başa çatdırılandan sonra burada qazlaşdırma işinə başlayacaqlar.

İcra başçısı vurğulamışdır ki, bütün uğurların qazanılmasında cənab Prezidentin imzası var. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən ölkə Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində müstəqil dövlətimiz durmadan inkişaf edir. Azərbaycanın dünyada gündən-günə artan nüfuzu bizi hədsiz sevindirir. Bütün sahələrdə uğurlar qazanılır. Xalqımız öz rəhbərini, sevir, onunla fəxr edir. Bunun nəticəsi idi ki, İkinci Qarabağ müharibəsində xalq cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, uzun illər müqəddəs torpaqlarımızı işğalda saxlayan quldur erməniləri qısa müddətdə darmadağın etdilər. 44 gün çəkən Vətən müharibəsində əsgər və zabitlərimiz əsl qəhrəmanlıq göstərərək erməni terroristlərini torpaqlarımızdan qovmaqla bizə misli görünməmiş qələbənin sevincini yaşatdılar. Düşmən otuz il ərzində torpaqlarımızı vəhşicəsinə talamış, daşı daş üstündə saxlamamışdır. Hazırda həmin ərazilərin minalardan təmizlənməsi və sürətli bərpa işləri aparılır. Əsas güc o torpaqların bərpasına yönəlib. Buna baxmayaraq ölkəmizin digər rayonlarında da tikinti-quruculuq işləri davam edir.

Mən yurdumuzun, rayonumuzun vətənpərvər insanlarına da minnətdarlıq edirəm. Müharibə vaxtı ordumuz düşmənlə qanlı savaşlar apardığı zaman arxa cəbhədə xalqımızın vətənpərvər övladları ordumuza, şəhid ailələri və qazilərə maddi-mənəvi dəstək oldular. Bu xeyirxahlıq bu gün də davam edir.  

Dediyiniz kimi ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Biz də bu əmin-amanlığı qorumalı, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi siyasətə əməli işimizlə hər zaman dəstək olmalıyıq.