23 iyun 2022 14:58
336

Rusiya və İranın sanksiyalar altında işləməyə imkan verən sxemləri var

Rusiya və İran arasında əməkdaşlığının yaxşı perspektivləri var və bu gün iki ölkənin hətta sanksiyalar altında da enerji sektorunda işləməyə imkan verən sxemləri var.

“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla Tehranda danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Rusiya və İran arasında enerji sahəsində əməkdaşlığın həm zəngin tarixi, həm də yaxşı perspektivləri var. İkitərəfli əməkdaşlığa gəlincə, biz həmişə bu sahədə ilk növbədə Birləşmiş Ştatların qanunsuz hərəkətləri nəticəsində yaranan problemlərin həlli yollarını tapmışıq. İran İslam Respublikasının enerji sektorunun inkişafına hər cür mane olmağa çalışan dövlətlər və onun satellitləri indiki mərhələdə Rusiyanın neft və qaz hasilatı sektorunun, neft və qazının nəqlinin inkişafı ilə bağlı da eyni şeyi etməyə çalışırlar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, bu gün Rusiya və İran tərəfindən nəzərdən keçirilən və artıq kifayət qədər konkret konturları olan ikitərəfli planlar heç kimin qeyri-qanuni birtərəfli müdaxiləsindən asılı olmamağa yönəlib.