23 iyun 2022 14:47
487

Anar Məmmədov: Azərbaycan-Özbəkistan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

“Prezident İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin daha da  dərinləşdirilməsinə böyük önəm verir. Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Son 19 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən cənab İlham Əliyev Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Azərbaycanın Özbəkistanla münasibətlərinin ildən-ilə inkişaf etməsi deyilənlərə əyani misal ola bilər.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Özbəkistan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir: “İki ölkə arasında diplomatik münasibətlər 27 illik tarixə malik olsa da, qarşılıqlı münasibətlərin kökü uzaq əsrlərə gedib çıxır.  Azərbaycan-Özbəkistan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistanda ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.”

Deputat bildirib ki, 21 iyun tarixində Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri Azərbaycanla bu ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldən mühüm siyasi-tarixi hadisə oldu: “Cənab İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Şavkat Mirziyoyevlə aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər bir daha ikitərəfli əlaqələrin yeni müstəvidə inkişafına təkan vermiş oldu. Sənədlər arasındakı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə" ikitərəfli münasibətlərdə yeni mərhələ açmaqla yanaşı, qlobal xarakter daşıyır, ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır və mahiyyət etibarilə gələcək fəaliyyətin yol xəritəsi hesab edilir. Bəyanatda həmçinin xarici siyasətin prioritetləri də əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.”

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri əlamətdar hadisələrlə də yadda qalmışdır: “Dövlət başçılarının görüşündə ölkələrimiz arasında ikitərəfli, syasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmışdır. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunmuş, yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində önəmli rol oynadığı qeyd edilmişdir. Şübhəsiz ki, səfər çərçivəsində dövlət başçılarının Birgə Bəyanatının və müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanması ikitərəfli münasibətlərin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata birgə bəyanatla çıxışları zamanı dövlətimizin başçısı bu məqamlara toxunaraq qeyd edib ki, müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, həm də alınan qərarlara əsasən, bu səfər və razılaşmalar münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Eyni zamanda investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə edilən razılaşmalar əmtəə dövriyyəsinin artırılması, daha geniş əməkdaşlıq üçün əlverişli imkanlar yaradacaq.”

A.Məmmədov onu da qeyd edib ki, hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd edən İlham Əliyev dedi ki, bu sahə hər iki ölkə üçün prioritet əhəmiyyət kəsb edir: “Yerləşdiyimiz region təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir. Bütövlükdə, dövlət başçılarının imzaladıqları sənəd möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər  tarixi, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaqdır.”

Orxan Vahidoğlu, “İki sahil”