23 iyun 2022 13:30
421

Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Qələbə qazandı

Müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri və ən əsası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasıdır. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk hərbi hissə - əlahiddə korpus yarandı.  Məhz bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Qısa zamnda Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

1991-1993-cü illərdə Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda ölkədə yaradılan müxtəlif silahlı birləşmələr dövlətə deyil də, ayrı-ayrı adamlara tabe idi. AXC-Müsavat hakimiyyəti illərində ölkədə olan xaos, qarışıqlıq, özbaşınalıq, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Belə bir ağır durumda xalq bütün ümidini Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Xalqın təkidli tələbindən sonra Bakıya gələn Ulu Öndərin hakimiyyətə qayıdışı dövlətçiliyimizi bəlalardan xilas etdi. Həmin ağır  günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən  Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, özbaşınalıq aradan qaldırıldı.  Ümummilli  Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı,  cəbhədə vəziyyət müsbət istiqamətdə dəyişdi. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla  davam etdirilir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan 44 gün davam edən Vətən müharibəsində erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü təmin etdi. Ədalət bərpa olundu. Xalq-ordu birliyinin sarsılmazlığı parlaq qələbənin qazanılması ilə nəticələndi. Tarixi Zəfər Azərbaycanın ordusunun gücünün, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin təcəssümüdür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci ilin  iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Ölkə rəhbərimizin əminliklə dediyi qələbə arzuları çox keçmədən həyata keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu.

Parlaq Qələbənin şərəfinə 2020-ci ilin dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Ölkə rəhbərimizin  2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursatı və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. Vətən müharibəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı və ordumuzun  şücaəti ilə  qazanılan Qələbə sayəsində işğaldan azad olunan ərazilərimizdə artıq geniş bərpa-quruculuq işləri sürətlə aparılır. Xalqımızın 30  illik arzusunu reallığa çevirərək hərbi gücünü, qüdrətini dünyaya, beynəlxalq ictimaiyyətə  nümayiş etdirən Ordumuzun  qəhrəman, vətənpərvər  əsgər və zabitləri hazırda  işğaldan azad olunmuş ərazilərimizin mühafizəsi və müdafiəsində layiqincə xidmət edirlər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri