23 iyun 2022 13:38
406

Qalib xalq, Müzəffər Ordu

Ötən əsrin 90-cı illərinin əvvəlində xalqımız çətin vəziyyətə düşmüşdü. Torpaqlarımızın müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Bəzən başıpozuq Silahlı Qüvvələr öz mənafelərini müdafiə etməyə çalışırdılar. Lakin 1993- cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dirçəlişə nail ola bildi. O, özünü müdafiə və könüllü batalyonları ləğv edərək vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. 1994-cü ildən etibarən Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulmasına start verildi.

Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam edir. Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində  hərbiçilərin peşəkarlığının artırılması, döyüş ruhunun yüksəldilməsi Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.

Təsadüfi deyil ki, Azərbaycan Ordusu 55 göstərici əsasında Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alır.

2016-cı il Aprel döyüşlərində Ordumuz böyük rəşadət göstərdi. 2020 -il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı qələbə dünya hərb tarixində mühüm izlər qoydu. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, ordumuzun təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

26 İyun Silahlı Qüvvələr Gününü Qalib xalq kimi böyük ruh yüksəkliyi ilə qeyd edirik.

Fəridə Şərifova, 
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin direktoru