23 iyun 2022 13:32
555

İşğala son qoyan Şanlı Ordu

Ölkəmizin müstəqilliyinin tarixidir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Milli Ordumuz yaradılmışdır. Bu o dövrdür ki, Rusiya İmperiyasının müsəlman xalqlarına münasibəti, bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Erməni təcavüzünün gücləndiyi 1917-1918-ci illər Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılması və inkişaf etdirilməsi ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur.

Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək üçün Azərbaycan ordusu yaradıldığı gündən müxtəlif təzyiqlərə məruz qalmışdır.

Sovet vaxtı xalqın imdadına Heydər Əliyev yetişdi. Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təsis etdi. O məktəbdə yetişən igid Azərbaycan hərbiçiləri Birinci Qarabağ və Vətən müharibələrində misilsiz igidliklər göstərmişlər.  

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi.

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması, tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpa edilməsi baxımından böyük əhəmiyyətə malik bir hadisədir. Azərbaycan Respublikasının Konstitusiyasında da Silahlı Qüvvələrlə və vətənin müdafiəsi ilə bağlı maddələr öz əksini tapmışdır. 9-cu maddədə Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaratdığı, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olduğu vurğulanır. Konstitusiyanın 76-cı maddəsində isə vətəni müdafiənin hər bir vətəndaşın borcu olduğu, onların qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməsi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bir-birinin ardınca qanunlar qəbul etdi və onları təkmilləşdirmək məqsədilə əvvəllər qəbul edilmiş hüquqi aktlara dəyişiklik və əlavələr etdi.

Bu gün ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün bütün imkanlardan istifadə edilir. Elə bunun nəticəsidir ki, uzun illərdir mənfur qonşularımız tərəfindən işğal edilmiş Azərbaycan torpaqları artıq işğaldan azad edilmiş, Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə çalmışdır. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu qələbəni dəmir yumruqla qazandıq. Müzəffər ordumuz hər qarış torpağımız üçün mübarizə apardı. Vətən müharibəsində işğal olunmuş torpaqlarımızı ordumuzun gücü, şəhidlərimizin qanı ilə azad etdik.

İkinci Qarabağ müharibəsi dövründə xalqımız Prezidentimiz və ordumuz ətrafında sıx birləşdi, möhkəm yumruq olduq. Düşmən üzərində dünya tarixində iz qoyacaq qələbə çaldıq və 30 il işğalda olan torpaqlarımızı azad  etdik. Prezidentimizin, dövlətimizin, müzəffər ordumuzun səyi nəticəsində işğaldan azad olunan ərazilərimizdə həyat yavaş-yavaş bərpa olunur. Gələcək nəsillərimiz bu torpaqlarda yaşayıb, mədəni irsimizi bərpa edib yenidən tarix yazacaqlar. Yaşadığımız bu qələbəyə və bu böyük sevinc hissinə görə ordumuza, Ali Baş Komandanımıza nə qədər minnətdar olsaq azdır.

Rövşanə Abbasova,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mühəndisi