21 iyun 2022 17:45
1474

Qeyri-adi qızıl əşyalarının inanılmaz qiymətləri - FOTO

İnsan fantaziyasının bəlli bir sərhədi yoxdur. Bu yazıda  insanlar qızıldan  hazırlanan qeyri-adi əşyalar haqqında məlumat verəcəyik.

Dəyərli aksessuar

Məşhurlar tərəfindən sifariş edilən qızıl eynəyin qiyməti 75 min dollardır. 40 saat ərzində hazırlanan bu dəyərli aksessuar Beyonsun, Cennifer Lopezin və digər məşhurların kolleksiyasında mövcuddur. Qeyd etmək lazımdır ki, İsveçrənin “Silhouette” şirkəti də modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb. Bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl və müxtəlif qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır. Həmin şirkətin yaratdığı “Art de Fleurs” qadın eynəyi isə 72 brilyant və yaqut daşlar ilə bəzədilib. Bəzən yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.

Keçən ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.

Qızıl qril-barbekü

Dəbdəbəli həyatı sevən insanlar üçün ABŞ-da qızıldan olan qril-barbekü etmək üçün cihaz satışa çıxarılıb.  Bu dəyərli cihazın qiyməti təxminən 111. 000 dollardır.

Qızıl köynək

Bəzi insanlar gözəl maşınlar və ya bahalı evlər seçərkən qızılı çox sevən hindistanlı milyonçu Datta Phuge özünə qızıldan köynək sifariş etmişdi. 3.175 qram çəkisi olan həmin köynəyin qiyməti 250.000 dollardır.

Kraliça Elizabetin qızıl sikkəsi

Məşhur Kanada zərgərləri tərəfindən hazırlanan qızıl sikkənin üstündə Kraliça Elizabetin şəkili həkk olunmuşdur. 100 kiloqram çəkisi olan bu sikkənin qiyməti 1 milyon dollardır. Dünyanın ən böyük qızıl sikkəsi kimi tarixə düşən bu nadir əşyadan cəmi 5 ədəd hazırlanıb.

“Bugatti” Veyron Diamond oyuncaq avtomobil

Məşhur  “Bugatti” brendi maraqlı bir oyuncaq hazırlayıb. 2 ay ərzində hazırlanan və  təmiz qızıldan olan “Bugatti” Veyron Diamond oyuncaq avtomobil artıq satışa çıxarılıb. Həmin brend oyuncağın qiyməti  təxminən 2.9 milyon dollardır.

Qızıldan hazırlanan velosiped

Qızıldan hazırlanmış bu velosipedin qiyməti 400 min dollardır. Velosipedin üzərində 24 karatlıq qızıl var. Velosiped, eyni zamanda, brilyantla bəzədilib.

Cüt  qartal qızıl sikkəsi

Görünüşü ilə adi qəpiyə bənzəyən bu 20 dollarlıq sikkə 1933-cü ildə hazırlanmışdı. Həmin ildə  445.500 min ədəd bu sikkələrdən hazırlansa da, nədənsə  dövriyyəyə buraxılmadı . 1937-ci ildə Cüt qartal sikkələrinin əksəriyyəti məhv edildi. Demək olar ki, buraxılan 500 minə yaxın qızıl sikkələrdən cəmi 13 ədəd qaldı. Son illər ərzində keçirilən auksionlarda satılan qədim sikkələrin qiyməti təxminən 10 milyon dollardır.

Qızıl unitaz

İngiltərənin Blenheim sarayından üç  il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb.Sərgi zamanı oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir.Bu  unitazı tapan şəxslərə 100 min funt sterlinq ödəniləcəyi də bildirilmişdi. Hadisə ilə əlaqədar indiyədək 7 nəfər həbs edilsə də, onların  oğurluğu təsdiq  olunmayıb.

Qeyri-adi ayaqqabı bağları

Qızıldan hazırlanan bu  ayaqqabı bağlarının qiyməti təxminən  19 min dollar dəyərindədir. Bu tip qeyri-adi aksessuarları “Mr Kennedy” firması istehsal edir.

Ən bahalı smartfon

Dünyanın ən bahalı smartfonları arasında 1-ci yerə sahib olan qızıldan “iPhone 5”in qiyməti 15 milyon dollardır. Mürəkkəb dizayna sahib olan bu əzəmətli cihazın mərkəzi hissəsi qara brilyantlar ilə bəzədilib.

Son illər ərzində qızıldan hazırlanan “iPhone 6” un üzərinə brilyant daş-qaş da əlavə olunub. Bu smartfonların qiyməti təxminən  48 milyon dollar təşkil edir.

Dəyərli vanna

Məşhur boksçu Mayk Tayson bir neçə dəfə ailə həyatı qurub. Lakin onun ən  çox sevdiyi qadın Robin Givens olub.Onlar boşandıqdan sonra da ona qarşı olan hissləri heç dəyişməyib. Sevdiyi xanımı tez-tez ziyarət edərək, onunla boş vaxtlarını keçirən boksçu xanımı sevindirmək üçün ona 2 milyon dəyəri olan qızıldan vanna hədiyyə edir. Lakin bu dəyərli hədiyyə belə onların münasibətlərini bərpa edə bilmir və tezliklə cütlük tamamilə ayrılır.

Qeyri-adi əmzik

Bu dünyanın ən bahalı əmziyidir. Brilyant daş-qaşla bəzədilmiş bu əmziyin qiyməti 17 min dollar təşkil edir. Əmzik silikondan hazırlanıb, onun tutacağı isə ağ qızıldandır. Qeyd edək ki, bu əmzik hətta “ Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Dəbdəbəli çarpayı

Qiymətli daş-qaşla bəzədilmiş 107 kiloqramlıq qızıldan hazırlanmış bu çarpayının qiyməti 6.3 milyon dollardır. Dəbdəbəli çarpayı kanadalı aktyor Styart Hyucesə məxsusdur. Çarpayının karkası göyrüş, şabalıd və albalı ağacının əla növündən hazırlanıb. Çarpayı almaz, brilyant və sapfir ilə bəzədilib. Bu çarpayı da,  “Ginnesin Rekordlar Kitabı”na daxil olunmuşdur.

Qızıl Grillz dişləri

Grillz dişləri 1980-ci illərin əvvəlindən bir çox rep və hip-hop musiqiçiləri tərəfindən istifadə olunmağa başladı. Bir vaxtlar musiqi aləmində zənginliyin  və yüksək statusun simvoluna çevrilən qızıl Grillz dişlərinin qiyməti 400 dollar idi.

Qızıl tabut

24 karatlıq qızıl tabutda dəfn edilmək də məşhurlar tərəfindən bir dəbə çevrilmişdi. Bu tip tabutlar son texnologiyalar ilə hazırlanaraq, 24 karatlıq qızıl tozu ilə örtülürdü. Təəccüblüdür ki, onun qiyməti yalnız 24. 000 dollar idi.

Samirə Tağıyeva, “İki sahil”