KÖŞƏ

Sevinc Azadi

Minsk qrupu arxivə göndərildi

17 iyun 2022 00:10
923

44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbədən sonra Azərbaycan dövləti regionun yeni gündəliyini müəyyənləşdirib. Müharibə bitib və bu məsələ kökündən həll edilib. Prezident İlham Əliyevin də dediyi kimi, artıq Ermənistan–Azərbaycan Dağlıq Qarabağ problemi mövcud deyil. Biz bu münaqişəni öz gücümüz hesabına həm döyüş meydanında, həm də masada həll etmişik. Aydın məsələdir ki, münaqişənin bitdiyini qəbul etmək istəməyən qurumlardan biri də ATƏT-in Minsk qrupudur. Belə ki, missiyası yuxarıda adını çəkdiyimiz münaqişəni sülh yolu ilə həll etmək olan bu qurum yarandığı gündən bəri bir addım olsun irəliləyə bilməyib, yerində sayıb. Əslində, biz bunu “irəliləmək istəməyib” deyə qəbul etməliyik. Əlbəttə, bu, uzun illərdir Azərbaycan xalqını narahat edən önəmli məsələlərdən biri idi. Görünür, danışıqlar prosesinin uzanması və heç bir nəticə verməməsi bizim üçün nə qədər ağır olsa da, bəziləri üçün bir o qədər xoş idi.

Prezident İlham Əliyevin Minsk qrupuna ünvanladığı sual isə zənnimcə, məsələnin bütün ciddiyyətini özündə cəmləyir: “Bəs bundan sonra nə etmək istəyirsiniz?” Doğrudur, Minsk qrupu bugünədək yararsız, funksionallığı olmayan fəaliyyət göstərib, lakin nəzərə alsaq ki, Azərbaycan Minsk qrupunun görməli olduğu işi görüb, münaqişəni öz gücü hesabına həll edib, belə olan halda bundan sonrakı mərhələdə Minsk qrupu nə ilə məşğul olacaq? Heç nə ilə. Sadəcə, keçmiş Minsk qrupu kimi bədnam adın kölgəsində fəaliyyətsizlik nümunəsinə çevriləcək.

“ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etmədi. Buna görə Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmayıb”. Bunu Prezident İlham Əliyev iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində deyib. Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır: “Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”.

Prezident İlham Əliyev bundan əvvəl də müxtəlif beynəlxalq kürsülərdən dəfələrlə bu məsələ ilə bağlı reallığı dünya ictimaiyyətinə çatdırıb. Bildirib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Minsk qrupunun təsisçisi olan ATƏT Azərbaycan həqiqətlərini, Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqları qəbul edir. Təbii ki, bu, ölkəmiz üçün olduqca əlamətdar hadisədir. Minsk qrupunun fəaliyyətinə gəldikdə isə, onsuz da, bu günə qədər heç bir əməli iş görməyən təşkilatın bundan sonra hansısa bir təklif irəli sürəcəyi real görünmür. Hansı ki, Prezident İlham Əliyev müharibədən sonra Minsk qrupunun münaqişənin həlli ilə bağlı görəcək bir işinin qalmadığını, bu mərhələdə ancaq normallaşma üçün addımlar atmalı olduğunu bildirib. Təbii ki, iki ölkə arasında münasibətlərin nomallaşması, davamlı sülhün təmin edilməsi istiqamətində beynəlxalq təşkilatların bütün təşəbbüsləri qəbulediləndir. Bundan sonrakı mərhələdə ATƏT nüfuzlu beynəlxalq təşkilat kimi münasibətlərin normallaşması üçün öz rolunu oynaya bilər. Lakin bu, o demək deyil ki, Minsk qrupu faəliyyət göstərməlidir.

Heç kəs üçün sirr deyil ki, Minsk qrupu bu illər ərzində yarıtmaz fəaliyyət göstərib və heç bir işlə məşğul olmayıb. Bu faktı Minsk qrupunun keçmiş həmsədrləri, təşkilatın əvvəlki üzvləri də qəbul edir. Yeri gəlmişkən qeyd edək ki, qurumun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland bu barədə mətbuata açıqlama vermişdi. Onun çıxışına nəzər saldıqda məsələnin mahiyyəti daha da aydın olur. Hoqland deyib ki, biz görüşlər, konfranslar üçün getdiyimiz şəhərlərdə heç bir əlavə xərc çəkmədən ən bahalı otellərdə qalır, ən lüks restoranlarda yemək yeyirdik. Arabir qrupun fəaliyyət missiyasını xatırlayır, beynəlxalq ictimaiyətə mövcud olduğumuzu xatırladırdıq. Faktiki olaraq, heç bir iş görülmürdü. Belə olan halda hansı fəaliyyətdən, hansı missiyadan, hansı obyektivlikdən danışmaq olar? Bölgədə sülh yaratmaqdan, münaqişələrin qan tökülmədən həll olunmasından dəm vuran bir qurum insanların ölməsinə, ədalətsizliyin davam etməsinə göz yumur, bunun qarşısını almaq üçün tükünü də tərpətmirdisə, belə təşkilat tarixin utanc səhifəsinin hisi-pası içində yox olsa yaxşıdır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?