08 iyun 2022 17:47
1198

Şamaxıda vətəndaşların problemi dinlənildi - FOTO

"Veteran atası olaraq "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə fərdi yaşayış evimin qazlaşdırılması ilə bağlı müraciət etmişdim. Bu gün mən bura məhz təşəkkür etmək üçün gəlmişəm ki, qısa müddət ərzində onun göstərişi ilə mənim evim mavi yanacaqla təmin olundu".

“İki sahil” xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlcək kənd sakini Heydər Nağıyev Şamaxı rayonunda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.

Vətəndaşların qaz təchizatı ilə bağlı problemlərinin yerindəcə dinlənilməsinə, araşdırılması üçün nəzarətə götürülməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə 20-dək vətəndaşın müraciəti dinlənilib.

Sakinlər görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması, yeni yaşayış massivinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər.

Ünvanlanan hər bir müraciət SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı tikinti şöbəsinin rəis müavini Əkrəm Əkbərli və Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, lazımi izahatlar verilib. Bəzi müraciətlərin araşdırılması üçün vətəndaşlar Regional İdarəyə dəvət olunublar.

Məlumat üçün bildirək ki, Ağsu RQİİ-nin tabeliyində olan xidmət sahələrində növbəti görüşlər sabah Ucar, cümə günü isə İsmayıllı rayonunda baş tutacaq.