03 iyun 2022 16:19
654

Hazırda 35 yaşayış məntəqəsində, 48 yeni massivdə qazlaşdırma işləri aparılır FOTO

İyunun 3-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

E. Vəliyev «Azəriqaz» İB-nin rəhbərliyi  səviyyəsində paytaxtda və bölgələrdə sahibkarlarla keçirilən görüşlər barədə məlumat verərək bildirib ki, özəl sektor təmsilçilərinin, yəni  sahibkarların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək bir dövlət müəssisəsi olaraq bizim əsas vəzifələrimizdən biridir: «Ona görə də onların təbii qazla bağlı  problemlərini həmişə diqqətdə saxlayırıq. Hətta təbii qaza olan borclarını ödəmələri üçün bəzi hallarda onlara vaxt güzəştləri də tətbiq edirik. Anlayırıq ki, sahibkarlar ölkədə yeni iş yerləri açan, ərzaq bolluğu yaradan işgüzar bir təbəqədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də daim çıxışlarında qeyd etdiyi kimi, sahibkarlara dəstək  inkişafa dəstək deməkdir.»

Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cərəfov bildirib ki, hazırda «Azəriqaz» İstehsalat Birliyi  2 465 043 abonentə xidmət edir. Onun sözlərinə görə, bunun 2 427 450-si əhali, 37 959-u isə qeyri-əhali abonentləridir: «Təkcə bu il artan abonent sayı 24 min nəfərdir ki, onların da hamısı sayğacla tam təmin olunublar.»

Teymur Cəfərov ölkə üzrə aparılan qazlaşma işləri barədə də məlumat verib: «Hazırda 35 yaşayış məntəqəsində,  48 yeni yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. İyunun 1-nə olan məlumata əsasən, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3  faizdir. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə ölkə üzrə qazlaşdırma səviyyəsi 62,2 faiz təşkil edirdi. Son 10 ildə  «Azəriqaz» İstehsalat Birliyi tərəfindən dövlət dəstəyi ilə 1700-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb. Bu il 224 kilometr uzunluğunda yeni qaz xətləri çəkilib, 48 kilometr uzunluğunda mövcud kəmərlər təmir edilib.»

Şöbə rəisi bildirib ki, 2022-ci ilin yanvar- may aylarında «Azəriqaz» İB 4,207 milyard kubmetr təbii qaz qəbul edib ki , bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 329 milyon kubmetr və yaxud 8,5 faiz çoxdur: «Təbii qaz qəbulunda əhali  sektorunda 24 milyon kubmetr azalma, sənaye xətləri üzrə isə 353 milyon kubmetr artım qeydə alınıb.»

Elçin Zaman, "İk sahil"