25 may 2022 20:53
533

ABŞ-ın iki şəhərində 28 may tarixi Azərbaycanın Müstəqillik Günü elan edilib FOTO

ABŞ-ın Şimali Karolina ştatının Keri və Şarlotta şəhərlərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

“İki sahil” xəbər verir ki,  Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Keri şəhərinin meri Harold Vaynbrext və Şarlotta şəhərinin meri Aleksandr Layles bununla bağlı bəyannamə imzalayıblar.

Bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Sənədlərdə Azərbaycanla mədəni, iqtisadi, elm və təhsil sahələrində əlaqələrin qurulmasında, eləcə də Keri və Şarlotta şəhərlərindəki mədəniyyətlərarası anlaşmaya töhfə verən Azərbaycan icmasının fəaliyyəti yüksək qiymətləndirilib.

Merlər yerli ictimaiyyəti bu bayrama qoşulmağa və Azərbaycan icmasının sevincinə şərik olmağa çağırıblar.

Qeyd edək ki, bəyannamə Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.