25 may 2022 23:03
641

Xərçəngə qarşı peyvənd?

Kaliforniyadakı “City of Hope” Milli Tibb Mərkəzinin tədqiqatçıları xərçəng hüceyrələrini öldürən virus yaradıblar. Hazırda onun insan üzərində ilk sınaqları rəsmi olaraq təsdiqlənib.

“Vaxinia” kimi də tanınan “CF33-hNIS” virusu, sağlam hüceyrələrə toxunmadan, xərçəng hüceyrələrini məhv edən çiçək virusunun genetik cəhətdən dəyişdirilmiş variasiyasıdır. Belə viruslara onkolitik viruslar deyilir.

Amma xərçəng hüceyrələrini yoluxdurmaq və öldürməklə yanaşı, “Vaxinia” həm də immunoterapiya dərmanı kimi effektivdir. Virus hissəcikləri CAR-T hüceyrələri kimi tanınan xüsusi olaraq dəyişdirilmiş ağ qan hüceyrələrini hədəfə çatdırır.

CAR-T hüceyrələri bədənin immun sisteminə xərçəng hüceyrələrini təhlükə kimi tanımağa kömək edir. Xatırladaq ki, şişlərin mikromühiti immunosupressiv təsirə malikdir: bu, CAR-T hüceyrələrinin nüfuz etməsinə və onların işinin yerinə yetirilməsinə mane olan bir növ maneədir.

Bərk şişləri yoluxdurmaqla, “Vaxinia” “CAR-T” hüceyrələrini bu mühitə çatdıra bilər və müvafiq olaraq immunitet sisteminə xərçənglə mübarizə aparmağa kömək edə bilər. Eyni zamanda, peyvənd özü xərçəng hüceyrələrini aktiv şəkildə məhv edir.

Klinik sınaqların birinci mərhələsində ümumilikdə 100 nəfər yeni virus dərmanı ilə müalicə alacaq. Onların hamısına tədqiqatın birinci və səkkizinci günündə “Vaxinia” vurulacaq, bəzilərinə dərman venadaxili, qalanlarına isə birbaşa şişlərə yeridiləcək.

Sınaqlar yetkin yaşlı xəstələr üçün ideal dozanı təyin etməyə kömək edəcək və daha da əhəmiyyətlisi, “Vaxinia”nın insanlar üçün təhlükəsiz olub-olmadığını müəyyən edəcəkdir.

Sınağın birinci mərhələsi uğurlu olarsa, virus gələcəkdə daha böyük iştirakçı qruplarında, daha sonra isə klinik terapiya kimi istifadə oluna bilər.

Nubar Süleymanova, “İki sahil”