25 may 2022 17:49
600

Azərbaycan Dövlət Uşaq Flarmoniyasının 30 illik yubileyi münasibətilə konsert keçirilib

Azərbaycan Dövlət Uşaq Flarmoniyasının 30 illik yubileyi münasibətilə təntənəli konsert keçirilib.

“İki sahil” xəbər verir ki, konsert proqramı flarmoniyanın zalında gerçəkləşib.

Əvvəlcə qonaqlara flarmoniyanın girişində “Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Həmçinin uşaq flarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri tərəfindən qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa edilib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov, nazirin birinci müavini Elnur Əliyev, xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru Akif Məlikov iştirak edib.

Daha sonra nazir A.Kərimov çıxış edib. O bildirib ki, mədəniyyəti əyləncə kimi deyil, strateji istiqamət kimi görmək lazımdır. O, flarmoniyanın Azərbaycan gənclərinin və uşaqların vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rolu olduğunu vurğulayıb.

Daha sonra flarmoniyanın mədəni həyatında xüsusi rolu olan, öz işlərini layiqincə yerinə yetirən müəllimlər - Cahangir Zülfüqarov, Nigar Zeynalova, Qönçə Mehdiyeva, Mətanət Məmmədova, Leyla Muradzadə, Leyla Aslanova, Elmira Hümbətova, Aysel Mehdizadə fəxri fərmanlarla təltif olunublar.

Azərbaycan Dövlət Uşaq Flarmoniyasının yubiley konserti tamaşaçıların yaddaşında xoş təəssüratlarla həkk olunaraq gurultulu alqış sədaları altında başa çatıb.