25 may 2022 17:30
705

Yırtıcı heyvanla insanın harmoniyada yaşadığı yeganə yer - FOTO/VİDEO

Hindistanın Racastan əyalətində kiçik Bera şəhəri  dünyada insanların və bəbirlərin harmoniya içində yaşadığı yeganə məkan hesab olunur. Burada  yırtıcılar insanların yaşadığı evlərin yaxınlığındakı təpələrdə sakitcə otura, hətta küçələrdə gəzə bilərlər. Hindistanda bəzi şəhərlər, qəsəbələr və kəndlər yırtıcı vəhşi təbiətə yaxın yerləşdiyindən, arabir toqquşmalar qaçılmaz olur. Bununla belə, bu kiçik şəhərdə hələ  belə hadisə baş verməyib.

Qeyd edək ki,  Bera şəhəri onun  və ətrafında yerləşən ərazilər dünyada bəbirlərin ən yüksək sıxlığına malikdir. Buna baxmayaraq,  yüz illərdir ki, heç bir insan bəbirlərin hücumuna məruz qalmayıb.

Bəs görəsən, bəbirlərin və yerli əhalinin bu şəhərdə bu qədər dinc yaşamasının sirri nədir? Əsasən Berada məskunlaşan Rabari etnik qrupunun nümayəndələrinin fikrincə, burada söhbət sakinlərin illər ərzində formalaşmış yırtıcılara xüsusi münasibətindən gedir. Rabarilər Hindu tanrısı Şivaya sitayiş edir və heyvanlara  qoruyucu mələklər kimi yanaşırlar. Bəbirlər onların mal-qarasına hücum edərkən yırtıcıya qarşı kin saxlamırlar. Onlar inanırlar ki, Şiva bunu qurban olaraq qəbul edəcək və bundan sonra mal-qarasını dəfələrlə çoxaldacaq. Məşhur fotojurnalist Dheeraj Malinin sözlərinə görə, yerli böyük pişiklər artıq ərazidə insanların olmasına öyrəşiblər, ona görə də onlar insan məskənlərinin yaxınlığında dinc yaşayırlar. Demək olar ki, burada  bəbirləri təpələrdə, evlərin yaxınlığında, qayalarda, küçələrdə gəzərkən görmək olar.

Yırtıcı heyvanla insanın belə harmonik yaşaması istənilən turisti təəccübləndirir. Yerli safari turlarının təşkilatçısı Dilip Sinqh Deoranın sözlərinə görə,  bir çox turist bəbirlərin kənd məbədinin ətrafında sərbəst hərəkət etdiyini və keşişin öz ayinlərini necə sakit şəkildə yerinə yetirdiyini görəndə şoka düşür. Bununla belə, Berada həyat həmişə belə olub.

Samirə Tağıyeva, “İki sahil”