25 may 2022 15:31
555

Fransa şirkətlərinin Qarabağdakı layihələrdə iştirak imkanı müzakirə olunub

İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Fransanın İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşüb.

“İki sahil” nazirliyə istinadən xəbər verir ki, E.Əliyev Azərbaycanın Fransa ilə iqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlığını qeyd edib, biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb.

Onun sözlərtinə görə, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak edirlər.

Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə məlumat verilib.

M.Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik ölkə olduğunu vurğulayıb.

Görüşdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Fransa Şirkətlər Hərəkatı (MEDEF) arasında əməkdaşlığın inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə müzakirələr aparılıb.