20 may 2022 12:24
342

Malik Həsənov: Tarixi Zəfərimiz Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açıb

“Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verir. Bu baxımdan ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin  qarşılıqlı hörmət  və maraqlar prinsipinə uyğun olaraq yüksələn xətlə inkişafı təqdir edilir. Azərbaycanın qurumla, həmçinin ona üzv olan dövlətlərlə əməkdaşlığı hazırkı postmünaqişə dövründə yeni mərhələyə qədəm qoyub. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə keçirilən ikitərəfli görüşdə, mətbuata bəyanatlarında, həmçinin Azərbaycan-Litva biznes forumundakı çıxışlarında da Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, üzv dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafına yaranan imkanlar geniş müzakirə edildi. Bir mühüm məqamı qeyd edək ki, Prezident İlham Əliyevin regional liderliyini qəbul edən Avropa İttifaqı ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, təhlükəsizliyin,  sabitliyin bərqərar olmasında mühüm amil kimi dəyərləndirir. Azərbaycanla qurum arasında əlaqələrin inkişaf xronologiyasına diqqət yetirsək bu fikri böyük əminliklə qeyd edə bilərik ki,  qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirir, hər dövrün tələbinə uyğun olaraq  bu əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranır. Necə ki, bu gün tarixi Zəfərimiz bu əməkdaşlıqda yeni səhifə açıb.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb: “Bu, Avropa İttifaqına üzv dövlətlərin üçdə birini təşkil edir. Bu mühüm məqamı da qeyd edək ki,  2018-ci ildə dövlət başçısı İlham Əliyevin  Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında  “Tərəfdaşlıq prioritetləri” adlı  sənəd imzalanmışdır ki, bu da adından göründüyü kimi gələcək hədəflərin açıqlanmasında və icrasında yardımçıdır.  Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.”

Millət vəkili onu da əlavə edib ki, Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir: “Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünya dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə  dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layhələrinin uğurlu icrası ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, əlbəttə, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.”

“Tarixi Zəfərimizin yaratdığı reallıqların Avropa İttifaqı tərəfindən qəbul olunması, qurumun  bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstəyini göstərmək məqsədilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin  görüşlərinin keçirilməsində təşəbbüskar kimi çıxış etməsi təqdirəlayiqdir. Artıq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Brüsseldə görüş keçirilib.  Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Hər bir görüş postmünaqişə dövrünün reallıqlarının qəbuluna  böyük töhfədir, ən əsası sülh müqaviləsinin imzalanmasını  yaxınlaşdırır. Avropa İttifaqının təşəbbüsü ilə ilk üçtərəfli görüş ötən ilin dekabr ayında keçirilmişdir. Həmin görüşdə Brüssel sülh gündəliyinin əsası qoyuldu. Azərbaycan bu gündəliyə sadiqdir, sülh müqaviləsinin tezliklə imzalanmasında istəyini açıq-aydın şəkildə ifadə edir. Ermənistan  bu ilin aprelində Brüsseldə baş tutan görüşdə Azərbaycan tərəfinin irəli sürdüyü beş prinsipi  qəbul etmişdir. Tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, ilk  növbədə sərhədlərin delimitasiya prosesinə başlanılması barədə razılıq əldə etdilər. Ermənistanın hər bir öhdəliyə məsuliyyətsiz yanaşması diqqətdən kənarda qalmır. Litva Prezidenti ilə birgə mətbuata bəyanatında  Azərbaycanın hər zaman öhdəliklərə sadiq olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bir daha diqqəti İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Ölkəmiz 30 il danışıqlara sadiq qaldı, hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırışlar etdi. Əgər  sanksiyalar tətbiq edilsəydi, onda heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan  beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, ona qarşı  heç bir sanksiya tətbiq edilmədi”,- deyə Malik Həsənov bildirib.  

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti daim ona yeni dostlar, tərəfdaşlar qazandırır: “Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmin və formatın yaradılması da dövlətimizin ədalətli mövqeyinə dəstəyin ifadəsidir.”