20 may 2022 11:47
380

Könül Nurullayeva beynəlxalq tədbirdə məişət zorakılığına qarşı mübarizə yollarından danışıb FOTO

“Məişət zorakılığı öz başlanğıcını gender bərabərsizliyindən götürür. Ona görə də dövlət tərəfindən gender probleminin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir.”

“İki sahil” xəbər verir ki,  Milli Məclisin deputatı, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Könül Nurullayeva Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, ona qarşı mübarizədə milli parlamentlərin roluna dair  müzakirələrdə çıxışı zamanı belə deyib.

O, məişət zorakılığının qarşısının alınması üzrə hüquqi və qanunvericilik bazasına dair Azərbaycanın təcrübəsini bölüşüb. Bildirib ki, Azərbaycanda Konstitusiya qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını aradan qaldıraraq, kişi ilə qadının eyni hüquq və azadlıqlara sahib olduğunu təsbit etmişdir. Bununla yanaşı, insan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, o cümlədən gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi aktların, müxtəlif qanunların  qəbul edilməsi məişət zorakılığının qarşısının alınması sahəsində müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur:  “Həmçinin ölkə başçısı Prezident İlham Əliyev tərəfindən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsini, qurbanların hüquqi müdafiə vasitələrini nəzərdə tutan  "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edilmişdir. Həmçinin, ölkəmizdə ailə, qadın və uşaq problemləri sahəsində məqsədyönlü dövlət siyasətinin aparılması məqsədilə xüsusi institut Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır”.

Könül Nurullayeva diqqətə çatdırıb ki, məişət zorakılığının qarşısının alınması məqsədilə ölkəmizdə mütəmadi olaraq hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlər həyata keçirilir: “Hüquqi xarakterli tədbirlər məişət zorakılığı hallarının araşdırılmasını, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini, zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsini, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsini, məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsini, uzunmüddətli və qısamüddətli mühafizə orderlərinin verilməsini əhatə edir. Məişət zorakılığına məruz qalmış qurbanlara hərtərəfli xidmətlərin göstərilməsi məqsədi ilə onlara dəstək və böhran anında məsləhətlərin təqdim edilməsi  üzrə 7 gün, 24 saat açıq olan ödənişsiz qaynar xətt xidməti təşkil edilmişdir. Həmçinin, məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılmış, məişət zorakılığına dair vahid məlumat bankının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə məişət zorakılığına ilk dəfə və təkrar məruzqalma hallarının qeydiyyatının polis orqanları tərəfindən aparılması və bu məlumatların vahid məlumat bankına operativ şəkildə ötürülməsinin təmin edilməsi istiqamətində işlər aparılmışdır”. Deputat onu da qeyd edib ki, ölkəmizdə mütəmadi olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə onlar üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarının təşkili və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində işlər görülür, məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər gücləndirilir.

K.Nurullayeva  Azərbaycanda məişət zorakılığının qarşısının alınmasında vətəndaş cəmiyyətinin  rolunu da qeyd edib. Bildirib ki,  QHT-lər tərəfindən mütəmadi olaraq KİV-də məişət zorakılığına qarşı kampaniyalar keçirilir, televiziyalarda bu mövzuda maarifləndirici videoçarxlar nümayiş etdirilir.

Qeyd edək ki, sessiyanın keçirilməsi  Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair standartları, o cümlədən belə neqativ halların qarşısının alınması, ona qarşı mübarizə haqqında Konvensiya barədə parlament nümayəndələri arasında məlumatlılığın artırılması məqsədi daşıyır. Eyni zamanda Avropa Şurası üzv dövlətlərin təcrübələrinə əsaslanaraq, parlamentin yerli kontekstdə bu standartların təşviqində rolunu göstərmək də əsas məqsədlərdən biridir.