20 may 2022 10:10
336

Britaniya kəşfiyyatı: "Azovstal"da qeyri-müəyyən sayda Ukrayna qüvvələri qalmaqdadır

"Azovstal" polad kombinatında 1700-ə yaxın Ukrayna əsgərinin təslim olduğu ehtimal edilir, lakin kombinatın daxilində qeyri-müəyyən sayda Ukrayna qüvvələri qalmaqdadır.

“İki sahil” xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiya Mariupolun təhlükəsizliyini təmin etdikdən sonra, çox güman ki, buradakı qüvvələrini Donbasda əməliyyatların gücləndirilməsinə göndərəcək.

Əlavə olunub ki, ukraynalıların Mariupolda müharibə başlayandan bəri güclü müqavimət göstərməsi səbəbi ilə ərazidəki Rusiya qüvvələri effektiv şəkildə yerləşdirilməmişdən əvvəl yenidən təchiz və bərpa edilməlidir. Vurğulanıb ki, bu, hərtərəfli aparıldığı təqdirdə uzun bir proses ola bilər.

"Lakin rusiyalı komandirlər əməliyyat məqsədlərinə nail olmaq üçün təzyiq altındadırlar. Bu, o deməkdir ki, Rusiya öz qüvvələrini ehtimal ki, adekvat hazırlıq olmadan sürətlə yenidən bölüşdürəcək və bu, qüvvələrin daha da itirilməsi riskini yaradır",- deyə məlumatda vurğulanıb.