20 may 2022 00:04
401

Qarşılıqlı əməkdaşlıq mühiti formalaşıb

Dövlət başçısı İlham Əliyev Litva Prezidentinin ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatlarında bir daha bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

«Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Neft ixracına gəldikdə, ixracın bugünkü profili bizi və istehlakçıları qane edir. Eyni zamanda, bugünkü geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyük olacaq. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.» Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı nitqində bir daha ölkəmizin iqtisadi uğurlarına diqqəti yönəldərək bildirmişdir ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir.

Ölkə Prezidenti bu mühüm məqamı da diqqətə çatdırmışdır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

İnkaredilməz olan bu həqiqət də məlumdur ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Hazırda layihənin icrası uğurla başa çatıb. Cənub Qaz Dəhlizi həm Azərbaycana, həm də qonşu və Avropa ölkələrinə böyük fayda gətirəcək, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərinin təsdiqidir.

Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır. və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Cənub qaz dəhlizi haqqında» Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi, Azərbaycan Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biri kimi qeyd edildi. 2011-ci ildə imzalanan Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğunu bildirən Avropa İttifaqının təmçilçiləri bildirirdilər ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bolgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı da Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır.

Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Ölkəmizdə çox gözəl ab-hava vardır. 1995-ci ildən bu günə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiyanın qoyulması təbii ki, Azərbaycanın bugününə və gələcəyinə olan inamdan irəli gəlir.

Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda, Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələr reallaşdırmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib.

Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir. Dövlət başçısı İlham Əliyevin 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə söylədiyi bu fikirləri yada salaq: «Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi- Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır. Mən hesab edirəm ki, bu gün bu sahədə- neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır.»

Bugünün reallıqları fonunda qeyd edə bilərik ki, Azərbaycan bütün hədəflərə nail olub. Cənub Qaz Dəhlizi reallığa çevrilib. «Yeni əsrin müqaviləsi» uğurla icra edilir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının artmasına və əməkdaşlığın coğrafiyasının genişlənməsinə stimul verir. Dövlət başçısı İlham Əliyev Litva Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.

Yeganə Əliyeva, «İki sahil»