20 may 2022 01:57
393

Ah qidalar, qidalar!..

Dondurmanın ilk dəfə Şərqdə yarandığı ehtimal olunur. Belə ki,  tanınmış səyahətçi Marko Polonun dondurmadan o qədər xoşu gəlir ki, o, dondurmanın reseptini özü ilə İtaliyaya aparır. Oradan da dondurma Fransaya ayaq açır və kübar adamların yemək rasionunda özünə yer tutur. Onlar dondurmanın reseptini sadə insanlardan gizləyir, geniş yayılmasını istəmirdilər. Amma bir müddətdən sonra sirlər açılır. Dondurmanın resepti Amerikaya qədər gedib çıxır.

Muskat qozu Səudiyyə Ərəbistanında qadağan olunmuş bir qidadır, çünki çox miqdarda yeyilərsə, qarabasmalara yol aça bilər.

Sarımsaq qoxusu ağcaqanadları uzaqlaşdırır. Banan qoxusu isə cəlb edir.

İslandiyada ölü balinalardan pivə hazırlanır.

Keçmişdə pomidor və kartof zəhərli qida sayılırdı.

Soğan, alma və kartofu burnunuzu tutaraq yesəniz dad fərqi hiss etməyəcəksiniz.

Sən demə, bir çox dodaq boyalarının tərkibində balıq pulları var.

Qlobal istiləşmə səbəbi ilə bəzi qidaların yox olmaq ehtimalı var. Alma, avokado, bal, şokolad və bananı doya doya yeyin!

Fri kartofunun əfsanəvi dadı təxminən 20 inqredientin qarışığı nəticəsində əldə olunur. Onlardan ən əsası, təbii ki, kartofdur, lakin yağ, müxtəlif əlavələr, dad və qoxu gücləndiriciləri də var. Əslində kartof frinin maraqlı yaranma tarixçəsi var.  1680-ci ildə Belçikada Meuse çayının donduğu zaman baş verib. O, zaman balıqları tuta bilməyən yerli əhali,aclıq təhlükəsi ilə üzləşdikləri zaman maraqlı çıxış yolu tapırlar. Onlar kartofu xırda balıqların formasında, yəni zolaq-zolaq doğrayaraq qızartmağa başladılar. Hələ o zamanlardan bəri bu yemək Belçikada ən sevimli yeməklərdən biri kimi tanınmaqdadır. Hal-hazırda bütün dünyada tanınan kartof fri  ketçup və yaxud mayonezlə yeyilir.

Püstə kütləvi şəkildə daşınarkən alışa bilər. Tərkibində çox miqdarda yağ və az miqdarda su olması və ən əsası oksigen udub, karbondioksit buraxması buna başlıca səbəbdir. Bu səbəbdən də püstə gəmilərdə daşınarkən, xüsusi təhlükəsizlik qaydalarına riayət olunur.

Adətən hər kəsin sevdiyi çiyələyi, əksər insan saplağını ataraq yeyir.Türkiyəli mütəxəssislərin araşdırmalarına görə, çiyələyin özü kimi saplaqları da insan orqanizmi üçün faydalı imiş.

Belə ki, saplaqlarını dəmləyib suyunu içmək oynaq ağrıları üçün dərman əvəzidir. Bu səbəbdən ayaq, dizlər, qollarında ağrıları olanlar saplaqları dəmləyərək gündə bir neçə dəfə 1 stəkan olaraq içə bilər.

Pizza sözü latın sözü olan “pinsere”dən götürülüb, mənası isə “əzmək” və “üyütmək” deməkdir. Qədim zamanlarda pizza sadəcə Mozarella pendiri və pomidordan ibarət olmuş, İtaliyada  kasıb əhalinin sevimli yeməyi kimi tanınır. Arpa və arpa suyu ilə əldə etdikləri xəmiri bu 2 məhsul ilə dadlandıran kasıb İtaliya əhalisinin süfrəsində demək olar ki, hər gün rastlaşmaq mümkünmüş. Pizzanın bütün dünya tərəfindən tanınması isə 1889-cu ildə Kraliça Marqaritanın Mozarella pendiri, pomidor və reyhan ilə bəzədilərək hazırlanmış pizzanın dadına baxması ilə bağlıdır. Bu tarixdən sonra pizza yoxsul insanların süfrəsindən çıxaraq saray mətbəxinə daxil olmuş, zənginlər  tərəfindən də sevilərək yeyilməyə başlanmışdır. Pizzanı çox bəyənən Kraliça Marqarita hətta onu hazırlayan aşpaza xüsusi təşəkkür məktubu da yazmışdır.

Hal-hazırda  sözügedən məktub “Pizzeria Brandi” adı ilə tanınan məşhur restoranın şüşəsinə vurularaq sərgilənməkdədir.

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid balansını pozur.Rusiyalı endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəlikləri ilə gündəlik yumurta qəbulunun əlaqəsi olduğunu bildirib.

Sağlam ürək-damar sistemi üçün qanda xolesterinin miqdarı 5,2 mmol olmalıdır. Ondan yüksək riskdir. İdealda lipid profili (qan zərdabında müxtəlif yağ fraksiyalarının balansı) yoxlamalı, nəzarətdə saxlayıb ona görə qidalanmanı seçmək lazımdır. Məsələn, xolesterini və qanda yağlılığı çox olan insanlar səhərlər yumurta, qayğanaq yeməsələr yaxşıdır.

Onlar yumurtanı müxtəlif salatlarda həftədə 1-2 dəfə yeyə bilərlər.

Çizkeyk (cheesecake) ingilis dilindən tərcümədə “pendir tortu” deməkdir. Harada və necə yaranması haqqında mülahizələr müxtəlifdir. Çizkeykə ən qədim istinad Qədim Yunan və Roma mənbələrinə gedib çıxır.  Deyilənlərə görə, Olimpiya oyunlarında qalib gələn idmançılara  hədiyyə olaraq məhz çizkeyk verilirdi. 

Bir çox  millətlər Qədim Roma reseptini təkmilləşdirərək, onun reseptinə yeni  inqrediyentlər əlavə ediblər. Məsələn, italyanlar çizkeyk hazırlamaq üçün rikotta pendirindən, almanlar və polyaklar isə kəsmikdən istifadə edirlər.

Tuna balığının konservasında yuxarı miqdarda civə var.

Samirə Tağıyeva, “İki sahil”