14 may 2022 02:34
352

Şuşa bu gün tarixi Zəfərin sevincini yaşayır

Bu gün Şuşa böyük Zəfərin sevinc və təntənəsini yaşayır. Burada başlanan quruculuq işləri gündən-günə sürətlənir, genişmiqyaslı layihələr uğurla icra olunur. İnfrastruktur xarakterli tədbirlər - su, elektrik, istilik və s. təchizat sahələrində ciddi addımlar atılır. Qarabağımızın tacı, döyünən ürəyi Şuşada bərpa-quruculuq işləri sürətlə aparılır.  Şuşaya ilk növbədə yol çəkildi. “Zəfər yolu” adlanan bu yol həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı uzunluğu 101.5 km olan bu yolu “Zəfər yolu” adlandırıb. Artıq Şuşaya elektrik enerjisinin və suyun verilməsi bərpa edilib. İndi iki mənbədən Şuşaya su gəlir. Artıq Natəvan bulağı da bərpa edilib. Həmçinin Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa olunub. Şuşada “Xarıbülbül” oteli istifadəyə verilib. Bundan başqa, “Qarabağ” hoteli əsaslı təmirdən sonra yenidən öz qapılarını qonaqların üzünə açıb. Erməni faşistləri tərəfindən gülləbaran edilmiş Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri yenidən şəhərin mərkəzi meydanında qoyulub. Böyük şairimiz Vaqifin məqbərəsi və büstü yenidən açılıb. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı ölkə başçısı tərəfindən göstəriş verilib. Bülbülün evinin açılışı qeyd edilib. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən Vaqif Poeziya Günləri təşkil olundu.

Prezident İlham Əliyev 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərkən bildirib ki, Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini,- hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. Ölkəmizin başçısı, həmçinin bildirib ki, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi: “Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.” Şuşanın yaradılmasının 270 illiyi münasibətilə Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi xalqımızın böyük sevincinə səbəb oldu. Bu günlər “Şuşa İli” çərçivəsində ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpası və yenidən qurulması daha da sürətlənməkdədir. 

Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan qırx dörd günlük Vətən müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Şuşa ən qısa zamanda çiçəklənən diyara çevriləcək, tarixi-dini abidələrimiz yenidən bərpa olunaraq əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaq. O zaman Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu da şad olacaq, üçrəngli bayrağımız bu cənnətməkan diyarımızda, Azərbaycanın ruhunu yaşadan Şuşada əbədi dalğalanacaq.

Zahid Rza, “İki sahil”