14 may 2022 00:31
291

Musiqinin dili ilə dünyaya ünvanlanan mesajlar

Azərbaycanın tarixi Zəfərinin reallıqlarının təqdimatı

Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizlə yanaşı, bütün Türk dünyasının mədəniyyət paytaxtıdır. Şəhər qədim abidələrimizlə zəngindir. İşğaldan əvvəl bu qədim tarixi-mədəni şəhərimizdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 72 tarixi abidə, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu 19-cu əsrdə yaşamış memarlarımız tərəfindən ərsəyə gətirilmiş və həmin dövrün ən məşhur nəqqaşları tərəfindən bəzədilmişdir.

Şuşa 1992-ci il mayın 8-də Ermənistanın Azərbaycana qarşı apardığı işağalçılıq siyasəti nəticəsində düşmən tərəfindən işğal edilmiş və erməni vandalları tərəfindən şəhərdə yerləşən bütün tarixi-mədəniyyət abidələri darmadağın edilmişdir. İşğalın davam etdiyi 29 illik müddət ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqir edilmiş, 20 kitabxana yandırılmışdır.

Qarabağın tacı  Şuşa bu gün azaddır. Onun  işğaldan azad edilmçsi  bir dastandır. Şuşa əməliyyatı dünyaya səs salıb.  2020-ci ilin noybarın 8-də Şanlı ordumuz tərəfindən işğaldan azad edilən Şuşanın  28 illik həsrətinə son qoyuldu.

Şuşa işğaldan azad olunduqdan sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il 7  və cari ildə iki dəfə  bu şəhərə səfər etmişlər. Bu şəhərə hər səfər  tarixi hadisə kimi dəyərləndirilir. Səfərlər çərçivəsində müəyyən sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Şuşa biri-birindən əhəmiyyətli tədbirlərə ev sahibliyi etməkdə davam edir.  Dövlət başçımız Şuşaya səfərləri zamanı bu şəhərin tezliklə bərpa ediləcəyini bildirir: “Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”. İşğaldan azad edildikdən sonra Şuşada başlanılan quruculuq işləri bunu bir daha təsdiq edir.

Bərpa işləri Şuşanın tarixi görkəminə xələl gətirməyəcək formada həyata keçirilir. Dövlət başçısı bildirir ki, bütün işlər planlı şəkildə aparılmalı, Şuşanın tarixi siması saxlanılmalı, Şuşaya yad olan hər hansı bir tikiliyə yol verilməməlidir. Mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar.

Mayın 10-da  Şuşaya növbəti dəfə səfər edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə oldular.  Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq.

Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir. Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olmuşdur.

Bir sözlə, Şuşanın mədəni ruhu geri qayıdır, tarixi görkəmi bərpa edilir. Şəhərin Azərbaycan mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması, şübhəsiz ki, öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın nümunəsidir. Yaxın vaxtlarda Şuşanın bütün tarixi, mədəni və dini abidələri bərpa edilib öz əvvəlki görkəminə qaytarılacaq və şəhər Azərbaycanın mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirəcək.

Şuşa həmişə olduğu kimi, bu gün də sevinclidir. Növbəti dəfə «Xarıbülbül» festivalına ev sahibliyi edir. Şuşadan Cıdır düzündən musiqinin dili ilə dünyaya ünvanlanan növbəti mesajlar  Azərbaycanın tarixi Zəfərinin reallıqlarının təqdimatıdır.

Röya Rasimqızı, “İki sahil”