13 may 2022 18:14
845

“Azərikimya” İB enerji tələbatını öz imkanları hesabına tam ödəyəcək  FOTO/VİDEO

Azərbaycanda qeyri-neft sektorunun inkişafında önəmli rola malik SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin (İB) Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatıb.

Görülən işlərlə tanışlıq məqsədilə 2022-ci ilin 13 may tarixində ölkəmizin bir sıra aparıcı KİV nümayəndələri üçün SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavoduna press-tur təşkil olundu. 

Press-tur zamanı işlərin Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyi qeyd edildi.

Köhnə qurğular əsaslı şəkildə yenidən qurulub

"Azərkimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev jurnalistlərə məlumat verdi ki, zavodun modernizasiya və yenidənqurulması 2023-ci ilin birinci rübündə tam başa çatacaq: “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb. Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular, avtomatik idarəetmə mərkəzləri, o cümlədən yeni piroliz sobaları, hidrogenin saflaşdırılması, quru qazın və C3 fraksiyasının təmizlənməsi qurğuları, etilen və propilen məhsullarının saxlanılması tutumları inşa olunub. Burada, həmçinin istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən qurulub, yeni və rekonstruksiya olunmuş qurğular isə avtomatik idarəetmə sistemlərinə keçirilib, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilib.”

O.Niftəliyev qeyd etdi ki, layihənin icrası nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artıb: “İcrasına 2016-cı ilin noyabr ayında, EPC müqaviləsinin imzalanması ilə başlanılmış layihə rekonstruksiya işlərinin mürəkkəbliyi və 2020-2021-ci illərdə COVID-19 pandemiyasının neqativ təsirlərinə baxmayaraq, 2021-ci ildə müvəffəqiyyətlə tamamlanıb və layihə komandası qarşısında qoyulan bütün hədəflərə nail olunub.”

Zavodun kifayət qədər xammal ehtiyatı var ki…

Zavodun direktoru jurnalistlərə açıqlamasında bildirdi ki, bu ilin 16 may tarixindən SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək: “Zavod öz fəaliyyətini planlı şəkildə bu ilin 4 aprel tarixində Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb. Bu dayanmadan öncə zavod 1,5 il fasiləsiz çalışıb. Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günündən bərpa etsin.”

Yenidənqurma layihəsinin əsas hissəsinin uğurla tamamlanması ilə yanaşı, “Azərikimya” İB-də müəssisənin dayanıqlı və marjinal istehsalatının təmin olunması məqsədilə bir sıra digər işlər də həyata keçirilir. Belə ki, yenidənqurma layihəsi ilə yanaşı, aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “Su soyutma qurğusunun genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.

İzafi elektrik enerjisi SOCAR-ın digər müəssisələrinə və sumqayıtlı istehlakçılara ötürüləcək

Zavodun baş mühəndisinin yeni texnika və modernizasiya işləri üzrə müavini Samir Səlimli açıqlamasında bildirdi ki, Etilen-polietilen zavodunda həyata keçirilən iri layihələrdən biri də Buxar Elektrik Enerjisi İstehsalatında (BEEİ) mövcud qurğuya əlavə Yeni Buxar Turbogenerator Qurğusunun quraşdırılmasıdır: “Layihənin məqsədi zavodu elektrik enerjisi ilə təmin edən BEEİ enerji effektivliyini və istehsal gücünü artırmaqdır. Bu layihənin cari ilin üçüncü rübündə tamamlanması nəzərdə tutulur. Etilen-polietilen zavodunda hazırkı Buxar Generator Kompleksinin 32 Mvt/s (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 18 Mvt/s-lıq enerji tələbatı layihə başa çatdırıldıqdan sonra artıq öz imkanları ilə tam qarşılanacaq. Qurğunun istehsal etdiyi izafi 35 Mvt/s elektrik enerjisini şəbəkə üzərindən SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürmək imkanı yaranacaq. Hazırda Buxar Turbogenerator Qurğusunun tikintisi layihəsi üzrə proqress təqribən 98%-dir. Layihənin cari ilin 3-cü rübündə tamamlanması nəzərdə tutulur.”

S.Səlimli məlumat verdi ki, “Azərkimya” İB-nin Etilen-polietilen zavodunun modernizasiya nəticəsində zavod üzrə propilen istehsalı 60-65 min tondan 187 min tonadək, etilen istehsalı isə 110 min tondan 190 min tonadək yüksəldilib. Yaxın vaxtda etilen istehsalının 200 min tondan artıq olması məqsədilə qurğuların sınaqdan keçirilməsi nəzərdə tutulub.

“SOCAR Polymer” zavodunun dayanıqlı xammalla təchizatı təmin ediləcək

Modernizasiya layihəsinin əsas məqsədlərindən biri də Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və tələb olunan miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammal isə birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, “Azərikimya” İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu SOCAR-ın emal üzrə dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan emal zəncirinin ən önəmli həlqələrindən birini təşkil edir.

Press-tur zamanı məlumat verildi ki, layihənin uğurlu icrası ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivləri nəzərə alınaraq zavodun istismar müddətinin uzadılmasını, həmçinin “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmlərinin iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artırılmasını, EP-300 istehsalatında bir sıra qurğuların etibarlılığının və səmərəliliyinin yüksəldilməsini, həmçinin “SOCAR Polymer” zavodunun dayanıqlı xammal ilə təchizatını təmin edəcək. Zavodun Buxar Elektrik Enerjisi İstehsalatında mövcud qurğuya əlavə Yeni Buxar Turbogenerator Qurğusunun quraşdırılması ilə zavodda elektrik enerjisinin istehsalı iki dəfədən çox artacaq. Beləliklə, “Azərikimya” İB enerji tələbatını öz imkanları hesabına tam ödəyəcək.

Qeyd edək ki, zavodda yenidənqurma işlərinə Sumqayıt şəhərindən və ətraf regionlardan təxminən 2 mindən çox əlavə mütəxəssis cəlb olunub. Layihədə çalışan ümumi işçi qüvvəsinin 94 faizi yerli mütəxəssislərdən ibarət olub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilib.

Orxan Vahidoğlu, “İki sahil”