KÖŞƏ

Vəli İlyasov

Ayının min oyunu...

12 may 2022 03:01
527

Misal var deyirlər ki, “Ayının min oyunu var bir armudun başında.” Ancaq bu ermənilər utanıb-qızarmadan özlərinin olmayan “armud”un başında saysız-hesabsız oyundan çıxırlar. Otuz illik oyunbazlığa görə başlarına dəyən “dəmir yumruq”dan sonra bu zatıqırıqların tam əksəriyyəti başa düşüb ki, “armud”un öz sahibi var. Nə olar, nəhayət, başa düşüblərsə, bu da çox gec deyil, yəni, ziyanın yarısından qayıtmaq da xeyirdir. Ona görə də vəziyyəti başqa istiqamətə yönəldiblər .

Son vaxtlar Ermənistanda müxalifət yığnağının qondarma “arsax”ın “əski parçası”nı müxtəlif yerlərdə nümayiş etdirmək istəyinə elə dava-mərəkə istəməyən ermənilərin özləri etiraz edirlər. Bir il yarım bundan əvvəl tarixin zibilliyinə atılmış bədnam “dqr”in saxta bayrağı Ermənistan parlamentində murdar əski parçası kimi çıxarılıb atılandan sonra bu mövzuda şoular davam etməkdədir. Xatırladaq ki, Qarabağ münaqişəsindən illər boyu yararlanaraq general paqonları taxmış, sonra isə Ermənistanda müdafiə naziri vəzifəsinə oturdulmuş Xocalı cəlladı Seyran Ohanyan bu əskini özü ilə Ermənistan parlamentinə gətirərək deputatların yaralarını təzələmək istəmiş, Qarabağ məsələsini yaddan çıxarmamağı tələb etmişdi. Lakin deputatlar kəskin etirazla bayrağın salondan çıxarılmasına qərar vermişdilər. Bu, Qarabağ ermənilərinə tərs şillə kimi dəymişdi. Yada salaq ki, əvvəllər həmin əskidən özlərinin varlanmaq, karyera əldə etmək niyyətləri üçün istifadə edən “Qarabağ klanı”nın üzvləri indi də ondan bərk-bərk yapışıblar, hara gedirlərsə orada nümayiş etdirməyə, beləliklə, auditoriyanı “artsax”ı unutmamağa, ərazi iddialarını, terrorizmi davam etdirməyə çağırırlar. Ancaq aydın görünür ki, ermənilərin əksəriyyəti başlarının bəlasına çevrilmiş “artsax” məsələsindən bezib və bu işin qapadılmasını istəyir. Əlbəttə, belə olmalıdır, axı həyasızlığın da bir həddi-hüdudu var.

İrəvanda Paşinyanın əleyhinə müxalifətin etiraz aksiyasına başladığı ilk günlərdə Fransa meydanında separatçıların “əski parçası”nı yerli ermənilər cırıb atmışdılar. İrəvanda binaların birinin liftində həmin murdar əskinin fotoşəkli yapışdırılsa da elə yerli sakinlər tərəfindən üzəri cızılaraq tanınmaz hala salınıb. Bu, bir daha sübut edir ki, Ermənistanda əhalinin əksər hissəsi Qarabağ yükündən tamamilə azad olmaq istəyir və artıq bunu əməli şəkildə büruzə verir.  

Bu günlərdə yetmiş nəfər tanınmış erməni ziyalısının, alimlərin, şair və yazıçıların, ictimai xadimlərin  baş nazir Nikol Paşinyana ünvanladıqları müraciətdə deyilir ki, dərhal Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Özü də heç bir qeyd-şərti, əmması olmadan. Ziyalılar tələb edirlər ki, Ermənistan rəhbərliyi öz xalqına, ölkəsinə sədaqət göstərsin, torpağının, vətəndaşlarının mənafeyini təmin etsin, qonşulara qarşı ərazi iddialarından əl çəksin, kənardan  kiminsə göstərişini gözləmədən sülh danışıqlarına getsin, siyasi, iqtisadi böhranın tez bir müddətdə aradan qaldırılmasına nail olsun. Bu, ciddi çağırış sayılmalıdır. Əsl həqiqəti anlayan bir çox ermənilər açıqca bildirirlər ki, Qarabağ Azərbaycan ərazisidir və onun  taleyi ilə Azərbaycan özü məşğul olsun. Əslində istər Ermənistanda, istərsə də dünyaya səpələnmiş erməni diaspor təşkilatlarında Qarabağın Azərbaycan ərazisi olması ilə razılaşıblar. Bu səbəbdən də səslərini çıxarmırlar. Yalnız ortada Moskvaya bağlı davakar revanşistlər qrupu və daşnaklar qalıb ki, onların da tərəfdarları ölkə əhalisinin on faizini də təşkil etmir. Bu, özünü sonuncu etiraz aksiyasında da göstərdi. Lakin hələlik dövlət təşkilatlarında yer tutduqlarından müəyyən təsir gücünə malikdirlər və gah Azərbaycanla sərhəddə atəşkəsi pozur, gah da işğaldan azad olunmuş Azərbaycan ərazilərinə kiçik diversant qrupları göndərir, aranın tam sakitləşməsinə imkan vermirlər. Məqsəd sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane olmaq, iki dövlətin barışmasına imkan verməmək və s. çirkin niyyətlərdir. Bu yaramazlıqların isə Rusiya sülhməramlılarının köməyi ilə edilməsi bir çox qaranlıq məsələlərə aydınlıq gətirir. 2020-ci il noyabrın 10-dan bu günədək sülhməramlıların gözləri qarşısında erməni yaraqlılarının səngər qazmaları, təxribatlar törətmələri qəbuledilməzdir. Bütün bunlara baxmayaraq regiona sülh gələcək, Azərbaycan öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək, Qarabağ sakit və normal həyata qovuşacaqdır.

Cavid Əkbərov
Siyasi tullantı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?