KÖŞƏ

Elçin Zaman

Revanşistlər erməni xalqının taleyi ilə oynayırlar

21 aprel 2022 02:58
1165

Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi zamanın diktəsidir. Ancaq baş nazir Nikol Paşinyanın komandasından fərqli olaraq Ermənistanda radikal-revanşist qüvvələrin sülh anlaşması əleyhinə çıxışları  ara vermir. Belə ki, eks- prezidentlər Robert  Koçaryanla Serjik Sarkisyanın, həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsiyanın tərəfdarlarının birləşdikləri müxalifət cəbhəsi ” Azərbaycanla Ermənistan arasında başlamış kövrək barışıq prosesini hər vəchlə əngəlləməyə çalışırlar. Onlar bu istiqamətdə  bütün mümkün və qeyri-mümkün vasitələri işə salmaqdadırlar.  Xüsusilə həyasızcasına iddia edirlər ki, Ermənistan konstitusiysıanda «Ermənistan SSR və Dağlıq Qarabağın Ali sovetlərinin 1 dekabr 1989-cu il tarixli «Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında» maddəsi yer alır». Bundan əlavə, 1992-ci il iyulun 8-də Ermənistan Ali Soveti bu gün də qüvvədə olan bir qərar qəbul edib: «Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməz sayılacaq».

Gözlənildiyi kimi, radikal-revanşistlər də bu qondarma «hüquqi»  maneədən bərk yapışıblar. Hərçənd erməni müxalifəti yaxşı anlayır ki, hakimiyyəti ələ keçirsə belə, indiki iqtidardan fərqli kurs apara bilməyəcək. Ona görə ki, məğlub ölkə kimi onların Azərbaycana qarşı mübarizəsində ciddi resursları, xüsusilə nizami ordu yoxdur və perspektivdə də gözlənilmir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə öz siyasi iradəsini ortaya qoyub və dəfələrlə bəyan edib ki, artıq Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ölkəmizin başçısı ötən il «France- 24» telekanalına müsahibəsi zamanı bildirmişdi ki, İkinci Qarabağ müharibəsinədək biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik: « Ermənilər isə hər zaman bunu rədd edirdilər. Onlar hər zaman «yox» deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır».

Təbii ki, əgər erməni revanşistlər bu şəkildə davam etsələr Ermənistanın dövlətçiliyini ciddi təhlükələrə məruz qoyacaqlar. Ermənistanın yeganə çıxış yolu öz qonşularına - Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı torpaq iddialarından əl çəkmək və bu ölkələrə düşmənçilik münasibətini dayandıraraq mehriban qonşuluq, tərəfdaşlıq əlaqələri yaratmaq, iqtisadi, ticarət əlaqələrini bərpa etməkdir.

Bu gün Ermənistanın sosial-iqtisadi və hərbi vəziyyəti çox acınacaqlıdır. Xüsusilə ermənilər Ermənistanı birdəfəlik tərk edirlər. Bundan başqa, Ermənistan borc içərisindədir. Bu ölkənin dövlət borcu ÜDM-in yarısı qədərdir. Artıq ağıllı ermənilərə də aydındır ki, Ermənistan öz varlığını bu şəkildə qoruya bilməyəcək. Diaspordan alınan 3- 5 milyonla Ermənistanın dövlət kimi ayaqda qalması mümkün deyil. Bu gün isə sülh ən çox məğlub Ermənistana lazımdır.  Çünki siyasi və hərbi analitiklərin yekdil rəyinə görə, Azərbaycanla növbəti müharibə Ermənistanın özünün bir dövlət kimi yox olmasına gətirib çıxara bilər.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?