KÖŞƏ

Mənsumə Babayeva

Bu gün Qarabağın başqa bir ab-havası var

01 aprel 2022 23:16
951

İşğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bu ərazilərin turist məkanına çevriləcəyini təsdiqləyir. Cari ilin martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfərləri çərçivəsində dövlət başçısının Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyması bu ərazilərdə turizmin inkişafı üçün yaradılacaq geniş imkanlardan xəbər verir. Ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcəkdir. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaqdır. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaqdır. Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcəkdir.

Əlbəttə ki, görülən işlər deməyə əsas verir ki, işğaldan azad olunan ərazilərin turizm potensialı böyükdür. Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və s. turistlərin diqqətini cəlb edəcəkdir. Ərazilərdə aparılan abadlıq-quruculuq işləri tezliklə ilk insan məskənlərindən olmuş məşhur Azıx mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları, Şuşada Tarix Muzeyi, Daş Sənətkarlığı Muzeyi, Dərman Bitkiləri Muzeyi, Mir Möhsün Nəvvabın ev muzeyi və s. çoxsaylı turistlərin ziyarətgahına çevriləcək.

Öz təbii sərvətləri ilə seçilən torpaqlarımızın səfalı və müalicəvi əhəmiyyət daşıyan yerləri, flora və faunasının başqa bir ab-havası var. Onu da qeyd edək ki, Kəlbəcər rayonu Cənubi Qafqazda turizmin inkişafı baxımından azsaylı regional ərazilərdən biri hesab edilir. Buranı müalicəvi turizm istiqamətində inkişaf etdirmək mümkündür. Mütəxəssislərin  proqnozuna görə, təkcə Kəlbəcərin “İstisu”  mənbəyi  bu rayona turistlərin böyük  axınına səbəb olacaq. Eləcə də bölgənin tarixi abidələri, uca dağları, şiş qayaları, yaşıl meşələri, gur çayları buranı turistlər üçün cəlbedici məkana çevirəcək. Mədəniyyət paytaxtımız Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir. Burada  istifadəyə  verilən otellər qonaqların qalmaları və rahat istirahət etmələri üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin fəaliyyətə başlaması şəhərin turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynayacaq.

Ağdam şəhərinin isə tamamilə yenidən qurulduqdan sonra işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Xocavəndin Hadrut qəsəbəsinin turizm imkanları da geniş və çoxşaxəlidir. Qəsəbədə və onun ətrafında yerləşən yaşayış məntəqələrində çoxsaylı tarixi-mədəni abidə, o cümlədən qədim alban məbədləri mövcuddur. Onlar qəsəbədə turizm sənayesinin inkişafı üçün mövcud olan potensialları daha da genişləndirir. Vurğulamaq yerinə düşər ki, istifadəyə verilən Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı turizmin ikişafında rol oynayacaq. Dünya standartlarına uyğun inşa olunan hava limanına istənilən tip hava gəmisinin eniş etməsi mümkündür. Burada sərnişinlərin və turistlərin rahatlığı üçün hər cür şərait mövcuddur. Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları inşa olunur. Sözsüz ki, bu işlər başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq.

Mütəxəssislərin də qeyd etdikləri kimi, işğaldan azad olunan ərazilərimiz bərpa olunduqdan sonra ölkəyə gələn turistlərin sayının qısa zamanda 5 milyon nəfərədək yüksələcəyi gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?