Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Sevinc Azadi

Zəngilanın zəfər zəngi

23 oktyabr 2020 18:43
703

Bu günlərdə müzəffər ordumuz Zəngilanın işğal tarixinin - 29 oktyabr 1993-cü ilin üstündən xətt çəkdi. Çünki yeni tarix - 20 oktyabr 2020-ci il zəfər tarixini yazdı. Böyük qayıdışın astanasında Zəngilan azadlığa qovuşdu. Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı. Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə qaytarıldı. Artıq “Zəngilansız 28 il” və ya Zəngilan deyəndə hicran, göz yaşları olmayacaq. Düşmənlə son ana qədər mübarizə aparan Zəngilan işğal edilən sonuncu torpağımız  olsa da, 30 ilədək bir dövrdən sonra azad olunan ilk ərazilərimizdən oldu.  Artıq Azərbaycanın üçrəngli bayrağı bu qədim yurdumuzda da qürurla dalğalanır.

Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid vermişdir. Bu günədək rayonun 44 sakini itkin düşmüş və hələ də onlardan bir xəbər yoxdur. Zəngilan Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olmuşdur. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün bunlar Zəngilanın necə böyük tarixi və mədəni əhəmiyyətə malik olduğunu sübut edir. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil etmişdir. Avropada ən zəngin çinar meşəsi də burada idi. Gördüyünüz kimi, yenə də cümlələr keçmiş zamanda qeyd olunur. Çünki erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda bir  ağac da olsun qalmamış, yeraltı sərvətlərimiz-qızıl, molibden və digər yataqlar istismar edilmişdir. Meşə ağacları doğranaraq xarici ölkələrə satılmışdır.

Torpaqlarımızın 20 faizini işğal altında saxlayan düşmən 30 il ərzində “biz sülh danışıqlarına hazırıq” deyərək danışıqlar masasına otursa da, arxada öz məkrli siyasətini həyata keçirmişdir. Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar.” Düşünmək olar ki, əgər bu ərazidə daimi yaşayacağını düşünürsənsə, niyə bu vəhşiliyi etməlisən. Çünki düşmən yaxşı bilirdi ki, gec-tez bu torpaqların əsl sahibi geri qayıdacaq və onları öz yurd-yuvalarından qovacaqlar. Özü də iti qovan kimi.”

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri-Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan sənət əsərləri ilə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində Zəngilan da elə xarabalığa çevrilmişdir. Lakin çox keçməz ki, bu qədim diyarımız da öz əvvəlki görünüşünə qayıdar.

Vətən müharibəsi gedir.. Bu, asan iş deyil. Hər bir Azərbaycan vətəndaşı qələbə, ərazi bütövlüyümüzün azad olunması üçün əlindən gələni etməlidir. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Biz Vətən müharibəsi aparırıq! Vətən müharibəsinə isə hamı qoşulmalıdır. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir.” Bu yolda hər kəs bir yumruq kimi birləşərək xalq-dövlət-ordu birliyini nümayiş etdirir. Bəli, Azərbaycan xalqı olaraq bir yumruq kimi ölkə başçısı cənab İlham Əliyevin, ordumuzun ətrafında sıx birləşərək tarix yazırıq. Çox qürurlu bir an yaşayırıq. Bu gün ordumuz cəbhədə rəşadətlə vuruşur, hünər göstərir. Qüdrətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı azad etməklə xalqımızı qürurlandırırsa, bundan artıq qətiyyəti isə öz millətinə, xalqına xidmət edən və özü bir orduya bərabər olan ölkə Prezidenti cənab İlham Əliyev bəxş edir.  Biz hər gün səbirsizliklə torpaqlarımızın işğaldan azad olunmasını, cənab Prezidentimizdən yeni twitlər gözləyirik. “Twitter” fəaliyyətə başlayandan bu qədər məşhurlaşmamışdır desək, yanılmarıq.  Bu sosial şəbəkə  “xoşbəxtdir”, o mənada  ki, insanlara torpağının azad edilməsi müjdəsi onun vasitəsilə verilir.

Nurəddin Muğanlı
Bura Vətəndir...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?