24 aprel 2019 10:23
133

Zelenskinin qələbəsi: prezidentlik çox məsuliyyətli işdir!

Ukraynada prezident seçkisi artıq arxada qalıb. Gözlənildiyi kimi, şoumen Vladimir Zelenski qalib gəlib. Bir çoxları bu qələbəni ciddi hesab etmirlər. Teatr səhnəsi ilə siyasi səhnə arasında ciddi fərqlərin olduğunu deyirlər. Prezidentlik də şou deyil. Lakin reallıqdır ki, siyasi idarəçilik təcrübəsi olmayan Vladimir Zelenski Ukraynada prezident seçkisini uddu. Onu Avropa və Rusiya təbrik edib. Hər iki tərəf əməkdaşlığa ümid etdiyini bildirib. Bunun fonunda Vladimir Zelenskinin qələbəsinin Ukrayna üçün geosiyasi-hərbi aspektdə nələri ifadə etdiyi maraq doğurur.

"Şən və hazırcavab siyasətçi": Ukraynanın siyasi mühitində yenilik

Ukraynada prezident seçkisinin ikinci turu sürpriz gətirmədi. Vladimir Zelenski böyük fərqlə Petro Poroşenkoya qalib gəldi. Bir çoxları bu qələbəni qeyri-adi sayırlar. Çünki V.Zelenskinin bir siyasətçi kimi nə təcrübəsi var, nə də konkret imici. Ekspertlər üçün maraqlısı da məsələnin bu tərəfidir. Necə olur ki, Ukrayna kimi böyük bir dövlətdə "təsadüf" qalib gəlir.

Lakin bütövlükdə situasiya sadə deyil və V.Zelenskinin qalibiyyətini təsadüfi saymaq olmaz. Burada iki mövqe mövcuddur. Birincisi, ukraynalılar P.Poroşenkonun fəaliyyətindən narazıdırlar. Onlar keçən müddətdə ölkənin heç bir probleminin həll edilmədiyini bilirlər. P.Poroşenko isə birinci seçkidən öncə böyük vədlər vermişdi. Nə iqtisadi islahatlar həyata keçdi, nə də Donbas məsələsi həll olundu. Üstəlik, Krım da əldən getdi. Bütün bunların fonunda əhalinin həyat səviyyəsində irəliləyiş olmadı. Belə çıxır ki, P.Poroşenko prezident kimi verdiyi vədlərə əməl edə bilmədi.

İkincisi, bir sıra ekspertlər hesab edirlər ki, Ukraynada prezidentin dəyişməsi xarici qüvvələrin geosiyasi maraqlarına uyğundur. Belə ki, ABŞ, Avropa ölkələri və Rusiya Ukraynada nüfuz uğrunda gərgin mübarizə aparırlar. V.Zelenskinin seçkidən öncə Fransa prezidenti Emmanuel Makronla görüşməsi bu baxımdan təsadüfi deyil. Ekspertlər hesab edirlər ki, V.Zelenskini Avropada müəyyən siyasi qüvvələr dəstəkləyirlər. Onun E.Makronla görüşməsi göstərir ki, həmin qüvvələr avropamərkəzçilərdir. Yəni gözlənilə bilər ki, V.Zelenski Ukraynanın Avropaya inteqrasiyasına xidmət edəcək siyasi kursu gücləndirsin.

Maraqlıdır ki, seçkidən dərhal sonra Avropa İttifaqı V.Zelenskini təbrik edib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının başçısı Donald Tusk təbriklərini çatdırıblar. Onlar vurğulayıblar ki, V.Zelenski Aİ-nin möhkəm dəstəyinə ümid edə bilər. Təşkilat Ukraynaya islahatlar yolunda yardım edəcək. O cümlədən hüququn aliliyinin təmin olunmasında, korrupsiya ilə mübarizədə və enerji sferasında islahatlara ciddi dəstək verəcək. Onlar konkret olaraq vurğulayıblar: "Siz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək olacağımıza inana bilərsiniz" (bax: ЕС пообещал Зеленскому прочную поддержку / Gazeta.ru, 22 aprel 2019).

Aİ-nin V.Zelenskini dərhal təbrik etməsi və eyni zamanda, ona dəstək verəcəyini bəyan etməsi, əlbəttə, siyasi jestdir. Brüssel bununla Ukraynada hakimiyyət dəyişikliyini razılıqla qarşıladığını bəyan edir. Görünür, P.Poroşenko ilə ortaq layihələri reallaşdırmaq prinsipcə uğurlu olmayıb.

Bu sırada ekspertlər daha çox korrupsiya ilə mübarizəni, iqtisadi islahatları və Donbasla Krım məsələsini nəzərdə tuturlar. P.Poroşenko seçki ərəfəsi vəd etsə də, korrupsiya ilə mübarizəni demək olar ki, aparmadı. Ukraynalılar onun prezidentliyi dönəmində bu istiqamətdə irəliləyişi görmədilər. Ekspertlər hesab edirdilər ki, P.Poroşenkonun özü böyük biznes sahibi olduğundan korrupsiya ilə mübarizədə maraqlı deyil.

Donbasda isə Ukrayna hakimiyyəti elə bir uğur əldə edə bilmədi. Orada separatçılar yenə də vəziyyətə nəzarət edirlər. Donbasla bağlı Minsk müqaviləsinin şərtləri yerinə yetirilmir. Üstəlik, Kerçdə Rusiya Ukrayna gəmilərini həbs etdi. Bütün bunlar P.Poroşenkonun hətta Ukraynanın qərb əyalətlərində nüfuzuna zərər vurdu. Seçkinin ikinci turu onu göstərdi ki, orada da V.Zelenski P.Poroşenkodan az nüfuz sahibi deyil.

Bunların fonunda Moskvanın V.Zelenskinin qələbəsinə reaksiyası maraqlı görünür. Baş nazir Dmitri Medvedev özünün "Tvitter" səhifəsində yazıb ki, Ukrayna ilə Rusiya arasında münasibətlərin yaxşılaşması üçün hələ şans var. Bunun üçün məsələyə dürüst, bütün məqamları nəzərə alaraq, praqmatik və məsuliyyətli yanaşmaq lazımdır. Yəni V.Zelenski vəziyyəti ətraflı dəyərləndirib, bütün incəlikləri nəzərə alaraq sağlam düşüncə ilə Rusiyaya münasibət göstərməlidir. D.Medvedev onu da vurğulayıb ki, xalqlar arasındakı dərin əlaqələr siyasi konyunkturadan üstün tutulmalıdır. Rusiyanın baş naziri iki ölkə arasında iqtisadi əlaqələrin canlandırılmasının milyonlarla ukraynalının sosial problemlərinin həllinə yardımçı olacağını da ifadə edib.

Əsas məsələ: problemlər həll ediləcəkmi?

Dmitri Medvedevin Vladimir Zelenskiyə məhz bu tonda müraciət etməsi və onu sağlam düşüncəyə dəvət etməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, seçki kampaniyasında V.Zelenski Rusiya hakimiyyətini özünə düşmən adlandırmış, rus xalqını yaxın hesab etdiyini demiş, rus dili ilə bağlı isə Ukraynada yaşayan bütün insanların ilk növbədə dövlət dilini bilməsi gərəkliyini ifadə etmiş, bu baxımdan Donbas və Krımda da Ukrayna dilinin hakim olmasının lazımlığını vurğulamışdı.

Ayrıca V.Zelenski Donbas və Krım azad olunandan sonra V.Putinə belə bir sual da verəcəyini deyib: "Siz vurduğunuz zərərin təzminatını nə zaman ödəyəcəksiniz?". Başqa bir müsahibəsində isə o, Donbas və Krımın ancaq Rusiyada hakimiyyət dəyişikliyindən sonra həll oluna biləcəyindən bəhs edib. Bunlardan belə qənaət yaranır ki, V.Zelenski Ukraynanın Rusiya siyasətini yumşaltmaq fikrində deyil. Onu sadəcə Ukrayna üçün daha sərfəli bir müstəviyə çıxarmağa çalışacaq.

Bir çox ekspertlərin fikirləri də bu tezisi təsdiq edir. Onlar V.Zelenskinin heç bir ideoloji yenilik etməyəcəyini deyirlər. O, Ukraynanın Rusiya ilə yaxınlaşması istiqamətində ciddi addım atmayacaq. Lakin bir sıra aspektlərdə əlaqələr qura, məsələn, Donbasla bağlı Moskva ilə humanitar sferada ortaq layihələr həyata keçirə bilər.

Təbii ki, həm Avropa, həm də Rusiya tərəfdən təbriklərin olması gözləniləndir. Çünki Ukrayna hər iki geosiyasi güc üçün önəm daşıyır. Hər ikisi Ukraynada seçkidə hansı şəxsin qalib gəlməsinə elə də qarışmır. Onlara qalibin konkret olaraq xarici siyasəti maraqlıdır. Bu baxımdan həm Brüssel, həm də Moskva V.Zelenskidən özünə qarşı isti münasibət gözləyir. Gürcüstan və Ermənistandakı seçkilər göstərir ki, xristian ölkələrinin daxili işlərinə Avropa və Rusiya elə də qarışmaq fikrində olmayıb cəmiyyətin sağlam olmasında maraqlıdırlar. Lakin bu halda təsir üsulları başqa olmalıdır. V.Zelenskinin prezident seçilməsi kontekstində məsələnin bu tərəfi daha maraqlıdır.

Yuxarıdakı fikirlərdən məntiqi olaraq belə qənaətə gəlmək mümkündür ki, V.Zelenskinin qalibiyyəti nə Qərbdə, nə də Rusiyada elə bir narazılıq doğurmayıb. Hər iki tərəf onunla işləmək arzusundadır. Deməli, əsas məsələ V.Zelenskinin nə dərəcədə çevik və reallığa uyğun siyasət yeridə biləcəyinə bağlı olacaq. Bunun konkret cizgilərini indidən demək çətindir. Çünki V.Zelenski hələ bir siyasətçi olaraq platformasını dəqiq ifadə etməyib. O, bu kimi suallara cavab olaraq, ofisində bütün sahələr üzrə mütəxəssislərin çalışdığını deyib. Bu da ortaya onun kompetentliyi ilə bağlı bir sıra suallar çıxarır.

Digər tərəfdən, V.Zelenskinin dövlət idarəçiliyi təcrübəsi yoxdur. O, uzun illərdir ki, jurnalist və aktyor kimi fəaliyyət göstərib. Lakin bu təcrübə Ukrayna kimi ciddi iqtisadi, sosial, siyasi, geosiyasi və enerji problemləri olan bir ölkədə faydalı olacaqmı? Üstəlik, Ukrayna Rusiya kimi böyük və güclü bir dövlətlə savaş halındadır, torpaqlarının bir qismi zəbt edilib. Onların həll edilməsi üçün lazım olan siyasi-diplomatik ustalıq kifayət edəcəkmi?

Bu suallara ən yaxşı cavabı zaman verəcək. Hələlik Ukraynada yeni hakimiyyət ab-havası mövcuddur. Bununla yanaşı, indidən bir sıra suallar meydana çıxır. Məsələn, bəzi ekspertlər hesab edirlər ki, V.Zelenski Ali Radanı buraxmalıdır. Bunun üçün isə vaxt çatmaya bilər. Belə ki, andiçmə və ondan sonra real vəzifəyə başlama sürəci mayın 30-na qədər yekunlaşmaya bilər. Bu vaxt Radanı buraxa bilmənin son tarixidir. Çünki parlamentə seçki bu ilin oktyabrında olmalıdır və 6 aydan az vaxt qalanda Ali Radanı buraxmaq olmaz. Bu məsələni V.Zelenski necə həll edəcək?

Ekspertlər onun andiçməsindən çox, bu problemi həll edib-etməyəcəyini maraqla gözləyirlər. Siyasətin qaydası belədir: əvvəlcə təbrik edir, sonra isə tələb edirlər. V.Zelenskinin özü də deyir ki, "məni öncə təbrik edəcək, sonra söyəcək, prezidentliyim başa çatanda isə ağlayacaqlar!" Gözləyək, görək, bu, onun növbəti məzhəkəsidir, yoxsa siyasətçi vədidir?

Newtimes.az