19 iyun 2019 18:00
182

Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Zaqatala rayonunda təşkil olunan seminar öz işini davam etdirir.

Fonddan bildiriblər ki, seminar çərçivəsində Bakı, Sumqayıt şəhərlərindən və Abşeron, Zaqatala, Balakən, Qax rayonlarından olan din xadimləri Zaqatala rayonu Yuxarı Tala kənd məscidində birgə namaz qılıblar.

Seminarın ikinci günündə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibovun “İslam tarixində məzhəblərarası münasibətlər və vəhdət məsələsi”, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdir müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qurbanovun "İslamda vəhdətə fiqhi baxış" mövzusunda mühazirələri dinlənilib.

İyunun 19-da və 20-də seminar iştirakçılarının Heydər Əliyev adına xatirə parkı, Heydər Əliyev Mərkəzi, Zaqatala qalası, Dədə Qorqud meydanı, Əliabad Cümə məscidi və Əliabad İslam Mədrəsəsi ilə tanışlığı, Car kənd məscidini ziyarət etmələri nəzərdə tutulub.