KÖŞƏ

Qvami Məhəbbətoğlu

Zamanın tələbi: Daha güclü kadrlar

22 oktyabr 2019 20:00
336

Bu gün ölkəmiz iqtisadi inkişafının yüksək mərhələsinə qədəm qoyub. Bu da yeni düşüncəli, müasir dünyanın iqtisadi inkişaf meyillərini qiymətləndirə bilən daha savadlı kadrlara xüsusi ehtiyacın yaranmasına gətirib çıxarıb. Odur ki, “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik?” deyən Prezident İlham Əliyev sosial islahlatlarla yanaşı, kadr islahatları da aparır. Onu da qeyd edək ki, son vaxtlar ölkəmizdə aparılan uğurlu sosial və kadr islahatları miqyasına və səmərəliliyinə görə fərqlənir. Təkcə bir faktı qeyd edək ki, hazırda elə bir ölkə yoxdur ki, orada Azərbaycanda aparılan səviyyədə uğurlu humanist sosial siyasət həyata keçirilsin. Bu mənada kadr islahatını beynəlxalq aləmdə “Ən islahatçı ölkə” kimi tanınan respublikamızda həyata keçirilən islahatların məntiqi davamı da adlandırmaq olar. Bir faktı da qeyd edək ki, rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə artıq Azərbaycan dünyada 5-ci yerdədir. Dövlət başçısının ölkədə aparılan kadr islahatlarını davam etdirmək məqsədilə imzaladığı sərəncamlar öz səmərəsini verməkdədir. Çünki dünya iqtisadiyyatındakı müsbət yenilikləri və beynəlxalq tendensiyaları mənimsəmiş yeni kadrlar Prezidentin etimadını əməli işləri ilə yetərincə doğrultmağa çalışırlar.

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu məsələyə münasibət bildirən dövlətimizin başçısı vurğulamışdır ki, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir: “Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”. Yeri gəlmişkən, qeyd edək ki, gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Belə yüksək nəticələr kadr islahatları aparılmış digər sahələrdə də müşahidə olunur. Məsələn, aqrar sektoru götürək. Doqquz ayda kənd təsərrüfatında 7 faizdən çox artım olub. Halbuki əvvəlki illərdə kifayət qədər investisiyaların ayrılmasına, subsidiyaların, güzəştli kreditlərin verilməsinə, bir sözlə, dövlət dəstəyinin olmasına baxmayaraq, kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq indi bu sahədəki  ciddi irəliləyiş göz önündədir. Şübhəsiz, bu prosesdə  həmin sahəyə yeni təyin olunmuş nazirin də kifayət qədər xidməti vardır.

Həmin müşavirədə Prezident İlham Əliyev ölkədə kadr islahatlarının bundan sonra daha da dərinləşdiriləcəyini qeyd etmişdir. Bu mənada Prezidentin kadr islahatları öz işlərini günün səviyyəsində qura bilməyən  məmurlar üçün də bir mesaj  oldu. Dövlət başçısının bu kimi davamlı addımları xalqımız tərəfindən dəstəkənir. Bunu isə görülən işlərə Azərbaycan xalqı tərəfindən verilən ən böyük qiymət kimi dəyərləndirmək olar. Şübhəsiz, ölkəmizin daha savadlı mütəxəssislərlə yoluna davam etməsi xalqımızın rifahı baxımından da çox əhəmiyyətlidir. Çünki bizim sosial siyasətimiz birmənalıdır. Prezidentin bildirdiyi kimi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 

Bu günlərdə Baş Nazirin müavinləri - Əli Həsənov və Haçıbala Abutalıbov yaş senzi ilə əlaqədar vəzifələrindən azad edilmələri ilə bağlı Prezident İlham Əliyevə ərizə ilə müraciət ediblər. Onları qəbul edən cənab Prezident deyib ki, 70 yaşını keçmiş iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Pensiya yaşını ötmüş digər vəzifəli şəxslərin də oxşar addımlar atacağı əsla şübhə doğurmur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...