13 sentyabr 2019 13:22
171

Yüz yaşını qeyd edən yaponların sayı 70 min nəfəri ötüb

Yüzillik yubileyini qeyd edən yaponiyalıların sayı ölkə tarixində ilk dəfə olaraq 70 min nəfəri ötüb, onların böyük əksəriyyətini qadınlar təşkil edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyi “Yaşlılar günü” ərəfəsində məlumat yayıb.

Ümumilikdə Yaponiyada yüz yaşı tamam olan insanların sayı 71 min nəfəri keçib. Onlardan 8463 nəfəri kişi, 62700 nəfəri isə qadındır. Uzunömürlülərin sayında artım tempi rekordu son 49 ildir ki, daim yenilənir. Bu sahədə tədqiqatın başladığı 1963-cü ildə ölkədə yüz yaşdan yuxarı vətəndaşların sayı cəmi 153 nəfər idisə, son 30 il ərzində isə onların sayı 23 dəfə artıb.

Nazirliyin fikrincə, uzunömürlülüyün əsas səbəbi tibbi xidmət texnologiyalarında baş verən inkişaf və sağlamlığı möhkəmlənməsi üçün edilən cəhdlərdir. Hakimiyyət yaşlı insanların sağlam həyat yaşamaları üçün dəstək verəcəyini vəd edib.