KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Yumşalma tədbirləri davam etməlidirmi?

13 avqust 2020 18:19
3486

Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda ikinci dəfə yumşalmaya başlanılıb. Məlum olduğu kimi, artıq bir sıra sahələrin fəaliyyətinə icazrə verilib, əhalinin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub. Növbəti həftədə, təxminən avqust ayının 17-si ərəfəsində kafe və restoranların açıq hissələrində fəaliyyətin bərpa olunması müzakirə edilir. Həmçinin növbəti mərhələlərdə ölkədaxili gediş-gəlişin bərpası müzakirə edilən məsələlər siyahısındadır. Bəs görəsən yumşalma tədbirləri nələrə əsaslanır? Belə tədbirlərin koronavirusa yoluxma hallarını artırmayacağına təminat varmı?

Bu suallara hələ aprel ayının sonlarında başlanan yumşalma zamanı dəqiq cavab tapmaq demək olar ki, çətin olardı. Lakin ən azından aprel və may aylarındakı sürətli yumşalmanın çox keçmədən hansı fəsadlara səbəb olması ilə bağlı təcrübə var. Belə ki, o vaxtlar tibbi maskadan istifadə, sosial məsafə və şəxsi gigiyena qaydalarına kütləvi şəkildə əməl edilməməsi virusla mübarizədə əldə olunmuş müsbət dinamikanın qısa zamanda itirilməsilə nəticələdi.

Nəzərə almaq lazımdır ki, yoluxmanın qarşısını tam almaq mümkün olmasa, onunla mübarizədə müsbət dinamikaya nail olmaq və onu qoruyub saxlamaq həm böyük tibbi zəruri tədbirlər, həm də iqtisadiyyatın məhdudlaşdırılması hesabına həyata keçirilir. Bir sözlə, gündəlik yoluxma sayının az qala 600 nəfərdən ikirəqəmli göstəriciyə qədər enməsi yerli səhiyyə işçiləri ilə bərabər, Rusiya, Türkiyə, Kuba və İtaliyadan dəvət olunmuş mütəxəssislərin gərgin əməyinin, dövlət büdcəsindən bu sahəyə ayrılmış böyük vəsaitin və iqtisadiyyatın bir çox sahələrində qapanmaların müqabilində mümkün olub.     

Hələ Maliyyə naziri Samir Şərifov  Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında  pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün dövlət büdcəsindən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsinin təmin olunduğunu bildirib. Eyni zamanda, cari ilin dövlət büdcəsinə təsdiq edilmiş dəyişikliklər çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulan 1 milyard 371,5 milyon manat məbləğində zəruri xərclərin əsas hissəsini pandemiya ilə bağlı tədbirlər təşkil edir.  

Ümumilikdə isə pandemiyanın milli iqtisadiyyata vurduğu zərbə daha böyükdür. Xatırladaq ki, hələ bir neçə ay öncə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatının gündəlik itkisi 120-150 milyon manatdır. Bu mənada pandemiya tam aradan qalxmayınca, maddi itkilərin davam edəcəyi də şübhəsizdir. Lakin çox sadə qaydalara- tibbi maskadan istifadə, sosial məsafə və şəxsi gigiyenaya əməl etməklə həm ətrafımızdakı insanların həyat və sağlamlıqlarının qorunmasına, həmçinin bu istiqamətdə xərclərin  azalmasına nail olmaq mümkündür.

Real vəziyyət isə ondan ibarətdir ki, bi neçə gün əvvələ qədər sürətlə azalmağa doğru gedən yoluxma sayı yavaş templə də olsa yenidən artım istiqamətindədir. Məlum məsələdir ki, əvvəlki dövrdən fərqli olaraq əhali arasında tibbi maskadan istifadə halları artsa da, müşahidələr onu deməyə əsas verir ki, sosial məsafəyə əməl edilməsi hələ də problem olaraq qalmaqdadır. Söhbət ondan gedir ki, ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlərin fayda verməməsi bir yana, əhalinin çimərliklərə kütləvi axını son dövrdə müşahidə olunan müsbət dəyişiklikləri hər an təhdid edir. Bu baxımdan yumşalma tədbirlərinə gedilməsi ilə bağlı qərarlar çox böyük məsuliyyət tələb edir. 

Qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədəki nitqində  karantin rejiminin mümkün olduğu vaxt yumşaldılacağını bildirib:  “Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər”.

Bütün bunlar onu deməyə əsas verir ki, yoluxanların sayında azalmanın qeydə alınması heç də sürətli yumşalma tədbirlərinə əsas vermir. Əks təqdirdə, sürətli yumşalmanın qısa müddətdə sərt karantin tədbirləri ilə əvəz olunacağı istisna deyil. Necə ki, bununla bağlı nəinki dünya, elə ölkə təcrübəsi də var...

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?