05 iyul 2019 10:16
297

YOLUN AÇIQ OLSUN, İRƏVAN AZƏRBAYCAN TEATRI!

“Yəqin ki, mənə o günləri görmək nəsib olmayacaq, ancaq İrəvan Teatrının məhz öz yurdunda, öz evində, İrəvan şəhərində, dədə-baba torpaqlarımızda fəaliyyətini davam etdirməsini böyük ehtirasla görmək istəyirəm! İnanıram ki, o gün mütləq gələcək! Teatra, teatrın fədakar kollektivinə o günlərin nəsib olmasını arzulayıram!”

Mədəniyyət naziri Əbülfəs Qarayev

İyun ayının 27-də peşəkar Azərbaycan teatr sənətinin fədaisi və banisi, görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin dövlət tərəfindən ucaldılmış qəbirüstü abidəsinin açılış mərasimində iştirakımız zamanı, mərasim bitdikdən sonra, hörmətli Mədəniyyət nazirimiz cənab Əbülfəs Qarayevlə qısa bir ara, ayaqüstü söhbətimiz oldu. Söhbətimiz İrəvan Teatrının təmir prosesinin vəziyyəti və perspektivini əhatə edirdi. Bir neçə mətləblərə toxunan nazirimiz söhbətinin sonunda böyük ruh yüksəkliyi ilə ifadə etdiyi, yuxarıda qeyd olunan fikri düşüncəmdə özünə emosional yer tutdu. Bu fikir aşağıdakı yazının ərsəyə gəlməsinə səbəb oldu.

İrəvan Teatrının tarixinə nəzər saldlıqda belə qənaətə gəlmək olur ki, bu sənət ocağı zamanın və dövrün ictimai-siyasi mənzərəsi fonunda o dövr ziyalı mühitinin yaratdığı tərəqqinin inkişaf selinin sürətli axını istiqamətinə qoşulmuş cəmiyyətin teatr sənətinə olan tələbləri dinamikasının təsir qüvvəsindən, beləliklə, böyük bir zərurətdən yaranmışdır. Bu sənət ocağının fədakar kollektivi bütün fəaliyyəti boyu öz sənətkarlıq qüdrətləri ilə cəfakeşlik, əzmkarlıq, mübarizlik nümayiş etdirmiş, yaratdıqları çoxjanrlı sənət əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə kəşməkəşli yoldan keçməklə, Azərbaycan teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr vermiş, öz ənənələrini yaratmış və özünəməxsus bir sənət məkanına çevrilmişdir.

İrəvan Teatrının yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda, vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. Bu teatrın kollektivi bütün yaradıcılıq tarixi boyu - həm Qərbi Azərbaycandakı fəaliyyəti dövründə, həm də hazırkı deportasiya həyatındakı fəaliyyəti zamanı bütün gücü ilə qoruyub saxladığı özünəməxsus ənənələrinin tərkib hissəsindən biri olan səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə olan hər bir səfərində, geniş yaradıcılıq imkanlarının miqyasını göstərməklə yanaşı, həm də İRƏVAN və QARABAĞ HƏQİQƏTLƏRİnin carçısı olduğunu dönə-dönə və fədakarcasına sübut edir. Teatrımızın yaradıcılıq yolunun cövhərində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda, vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur.  

Diqqətəlayiq məsələ budur ki, İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır. İnanıram ki, bu mövqe İrəvan Teatrı üçün hər zaman prioritet məsələ kimi aktiv qalacaqdır və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bugünkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda üzərinə düşən sahədə hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcəkdir.

Sağlam kollektiv yaratmaq üçün böyük əhəmiyyət daşıyan bütün bu amillər bu gün bizə imkan verir deyək ki, İrəvan Teatrı olaraq biz dövlətimizin göstərdiyi etimadı bütün sənət bacarığımız, düşüncəmiz, vətənpərvərliyimiz, vətəndaşlığımız, azərbaycançılığımız və deportasiya həyatı yaşadığımızı heç vaxt unutmamaq qüdrətimizlə var gücümüzü hər zaman qüvvədə saxlayacaq və xalqımızın xidmətində ləyaqətlə dayanacağıq.

Bu gün biz hazırkı kollektivin üzvləri də, ənənələri qoruyub saxlamaqla yanaşı, İrəvan Teatrının qazandığı bu şöhrətin daha da geniş vüsət alması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi gecəli-gündüzlü, əzmlə davam etdirməyin təkcə vəzifə borcumuz olmadığını, həm də bir milli mənafe və vətəndaşlıq borcu olduğunu bütün varlığımızla dərk edirik. 

Mən çox böyük ümidlə inanıram ki, qloballaşan sivil dünyada Tanrı övladları İNSAN meyarının aliliyinin mahiyyətini dərk edəcək, “didərgin” anlayışı “sülh və barış”la əvəz olunacaq, firavan yaşamaq üçün insanlarda təfəkkür sivilizasiyası canlanacaq və İrəvan Teatrı da çoxdandır pərən-pərən düşmüş, həsrətində olduğu sevimli tamaşaçıları ilə pərvəriş tapdığı doğma vətənində nəfəs-nəfəsə dayanaraq, öz sənət nümunələri ilə yenidən onların xidmətində duracaqdır.

İrəvan Teatrının kollektivi üçün bu məsələ bir məslək kriteriyası mahiyyətində qırmızı xətlə görünən coşqun bir həyəcan siqnalı kimi onun amalına çevrilmişdir.

Tarixi boyu dəfələrlə “ölüm” hökmünə məhkum olmasına baxmayaraq, İrəvan Dövlət Azərbaycan Dram Teatrı hər dəfə yaşamaq üçün bütün hökmlərə qalib gəlmiş, zəfər bayrağını heç vaxt təslim kürsüsünə təhvil verməmiş, son nəfəsinin sonuncu anından belə yeni qüvvət taparaq, böyük mübarizə qüdrəti ilə  geniş meydana doğru sürərtlə yürüş etmiş və yenidən əzmlə yaşamağa başlamışdır.

Bu sənət məbədi əbədiyaşarlıq haqqını Tanrıdan aldığı üçün Tanrının hökmünə tabe olmaqdan başqa heç bir qüvvəyə tabe olmur və heç vaxt da olmayacaqdır!

Düşmən tərəfindən “ölüm hökmü”nə məruz qaldığı halda, ümummilli liderimiz Heydər Əliyevin böyük qayğısı ilə yenidən yaşamaq hüququ özünə qaytarılan bu qədim sənət ocağı daim o müdrik liderin qarşısında öz məsuliyyətini və borcunu unutmur.

2007-ci ildə ölkə rəhbəri cənab İlham Əliyevin diqqət və qayğısı ilə 125 illiyi təntənəli yubiley şəklində ölkəmizdə, daha sonra yubiley tədbirlərinin davamı olaraq, Mədəniyyət və Turizm (indi Mədəniyyət Nazirliyi) Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə Türkiyə Cümhuriyyətində davam etdirilməsindən sonra qədəm qoyduğu yeni mərhələ onun daha da geniş miqyasda tanınmasına və inkişaf etməsinə səbəb oldu. Repertuarında ən geniş yeri vətənpərvər ruhlu əsərlərin ərsəyə gəlməsinə ayırdı. Dövlətin qayğıları ilə tam əhatə olunan İrəvan Teatrı öz hüquqi ünvanı ilə təmin olundu. Hazırda tamamlanma işləri aparılan binada bu sənət məbədi bütün gücünü və imkanını məhz öz ideyalarına, öz dəyişməz strategiyasına həsr edəcəkdir.

Bir neçə il qabaq Azərbaycan Radiosunun “Səngər məktubları” adlı verilişinə  dəvət olunmuşdum; verilişin aparıcısı Tural Quluzadənin  mənə ünvanladığı ilk sual belə oldu: Səngər sizin üçün nədir? Mən bu suala belə cavab verdim:  “Mənim ilk səngərim anamın bətni olub. İnsan dünyaya səngərdən doğulur...”

Bu anlamda İrəvan Teatrının səngərinin doğulduğu İrəvan Qalası olduğuna heç şübhəniz olmasın. On doqquz ildir bu teatrın həm rəhbəri, həm də kollektivin yaradıcı üzvü kimi əmin olduğum həqiqət budur ki, bu TEATR öz sənət funksiyası ilə öz sələfləri kimi İrəvan qalasının xilas olunması üçün əlindən gələni edəcək və bu yoldan heç vaxt dönməyəcəkdir!

Hörmətli nazirimizin həyəcanla ifadə etdiyi o dəyərli fikir, o ülvi arzu İrəvan Teatrı üçün daima böyük stimula çevriləcək bir hikmət kimi, onu bu istiqamətdə var gücü ilə çalışmağa səsləyəcək, bu yolda bütün imkanlarını səfərbər etməsinə güc, qüvvət verəcəkdir!

Yolun açıq olsun,  İRƏVAN AZƏRBAYCAN TEATRI!

İFTİXAR

Əməkdar mədəniyyət işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru