KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

25 sentyabr 2019 11:58
246

Yerə atdığım söz “erməni uzantısı” idi… Varşavanın ardından

Taktikamdır. Yazı yazar, sözü yerə ataram ki, sahibi götürsün. Mənim üslubumu, taktikamı bilən təcrübəli adamlar bunu anlar, özlərini görməzliyə vurar, ötüşdürərlər. Amma təcrübəsi zəif olan, üstəlik də çalışmalarımdan daim narahatlıq duyanlar bu tələyə dərhal düşərlər.

Bu dəfə də elə oldu. Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbəti illik toplantısı keçirilir. Biz də toplantının ilk 4 günündə iştirak etdik, 7 ayrı sessiyanın hərəsində bir dəfə çıxış etdik. Bu çıxışlarımızın onurğa sütununu Azərbayana münasibətdə ədalətsizlik, özəlliklə də Ermənistanın işğalçılığı, maddi və mənəvi dəyərlərimizə, insanlarımıza vurduğu zərəri nüfuzlu beynəlxalq platformada diqqətə çatdırmaq təşkil etdi. Rəsmi və ya mənim kimi vətəndaş cəmiyyəti təmsilçisi olaraq orada iştirak edən hər kəs nə etdiyimizi, nəyə nail olduğumuzu gördü. Bundan əlavə, Bakıya qayıdan kimi hesabat xarakterli bir yazı yazdım, bütün çıxışlarımın videolarını da dərc edib geniş yaydım. Qeyd etdiyim kimi, yazıda həm də sözü yerə atdım ki, sahibi götürsün. Ünvanı bilirəm, amma nişan vermədim.

Yerə atdığımız sözü ilk götürən məlum və məşhur Bəxtiyar Hacıyev oldu. Bir Facebook statusu yazıb bizi öz ağlınca yerdən yerə vurduğunu sandı. Lakin biz faktlarla, dəlillərlə danışdığımız üçün bu adamın iddialarına yalnız özü ağılda olanlar “inandı”…

Nə yazmışdıq biz? Yazmışdıq ki, “Varşavada ermənilər və bizdən olan uzantılarıyla üz-üzə gəldik”. İzahını da vermişdik yazıda. Ad çəkmədən. Dediyim kimi, bu, bir taktiki gedişdir və çox adam da mənim tələmə düşür. Bəxtiyar Hacıyev də tələyə düşdü, içindəki kini Facebook-a qusdu, ağzına və ağlına gələni yazdı, tirajladı. Ki, guya mən o tədbirdə hakimiyyətin verdiyi tapşırıq əsasında çıxış etmişəmmiş. Guya qırıq-sökük rus dilində çığıraraq danışıb hamını özümə güldürmüşəmmiş. Guya, guya, guya və s…

Ruscamın qırıq-sökük olub-olmadığıyla bağlı heç nə demirəm. Videolarım ortada. Bəli, ləhcə ilə danışıram, bu da tam təbiidir. Çünki mən bir türkəm, rusca mənim üçün yad dildir. Emosional danışıram. Qışqırmaqdansa, təbii ki, söhbət belə gedə bilməz. Çünki orda azacıq qışqıranın söz haqqı əlindən alınır. Şükürlər olsun ki, illərdir belə tədbirlərdə iştirak və çıxış edirəm, heç vaxt mikrofonum söndürülməyib. Hakimiyyətin verdiyi tapşırıq əsasında danışmağa gəlincə, bu, ümumiyyətlə imkansız bir şeydir. Çünki məni izləyənlər bilir ki, heç vaxt yazılı çıxış etmirəm. Heç adi qeydlərdən də yararlanmıram. Yalnız bəzən sadəcə kiminsə çıxışında diqqətimi çəkən vacib məqam olanda onu yaddaş üçün kağıza, yaxud telefona yazıram. Hə, bir də bu Bəxtiyar onu da bilmir ki, mən ümumiyyətlə jurnalistikaya rus dilində başlamışam, sonra ana dilimə keçmişəm. İndi də yeri gələndə rusca yazıram. Lakin bir daha qeyd edirəm, hətta rus dilini Bəxtiyarın dediyi kimi “qırıq-sökük” ifadə etsəydim belə bunu qüsur sanmaq sadəcə doğru bir şey deyil.

Heç əsas olan bu da deyil. Bu Bəxtiyarı narahat edən onun özünün ora məlum və məşhir PiN təşkilatının tədbiri üçün dəvət edilməsinin faş olunmasıdır. Bəli, biz və şəxsən mən məhz ATƏT-in yuxarıda qeyd etdiyim tədbiri üçün getmişdimsə, Bəxtiyar məhz PiN-in tədbiri üçün getmişdi. Ona görə də işçi sessiyalarda gözə də görünmədi, çıxış da etmədi. Halbuki orada özünün məndən fərqli olaraq “mükəmməl” ingiliscəsi və ya ruscasıyla çıxış edə, 57 dövlətin və çox sayda beynəlxalq-milli təşkilatın təmsilçilərini erməni təcavüzü haqqında “qışqırmadan” məlumatlandıra bilərdi. Amma adam bunu etmədi! Facebook-da yazdığına görə, əvəzində ikili görüşlər keçirirmiş. Biz bilirik o “ikili vacib görüşlər”in nə demək olduğunu…

Bütün bunlar, əslində reaksiyaya layiq deyil. Boş verib keçə bilərdim. Sadəcə bir məsələ məni həqiqətən də düşündürür. Bu adam iddia edir ki, guya mən ermənilərin bostanına balaca daş atıb onlara cavab haqqı doğurmuşammış. Onun sözünü etdiyi “balaca daş”lı çıxışımı (əslində, mümkün olduqca digər bir neçə çıxışımda da ermənilərin işğalçı olduğunu dilə gətirmişəm) bu yazıya da əlavə edirəm.

Videoya baxmaq imkanı olmayanlar üçün qısaca qeyd edim ki, mövzu din azadlığı idi. Mən də fürsətdən yararlanıb Ermənistanın öz ərazisindəki islam dəyərlərini məhv etdiyini dilə gətirdim. Eyni zamanda işğal altındakı Qarabağ və ətrafındakı torpaqlarda da ermənilərin qəbristanlarımızı dağıtdığına diqqət çəkdim. Bununla da ermənilərin dini dözümsüzlüyünü, vəhşiliyini ifadə etmiş oldum. Əslən Ermənistandan olan Bəxtiyar Hacıyev, görəsən nəyə görə mənim belə bir çıxışımdan narahatdır? Ümumiyyətlə, mən o tədbirdə axı Azərbaycan hakimiyyətini tərifləyən sözlərə yer vermədim. Yaxud da mövzulardan kənar heç bir fikir səsləndirmədim. Təmsil etdiyim Mətbuat Şurasının fəaliyyətindən, jurnalistlərin problemlərindən də danışdım çıxışlarımda. Bəxtiyarın iddia etdiyi kimi hakimiyyətin yerinə hakimiyyətin mövqeyini ifadə etmədim. Heç etməyimə də gərək yox idi. Çünki hakimiyyət başda Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin peşəkar-hazırlıqlı kadrı Gülsel Səfərova olmaqla samballı nümayəndə heyəti göndərmişdi və onlar da vəzifələrini uğurla icra edirdilər. Mənimsə çıxışlarım, qeyd etdiyim kimi, hər fürsətdə Ermənistanın işğalçılıq siyasətini diqqətə çatdırmaq üzərində qurulmuşdu. Ki, bu da nəyə görəsə Bəxtiyar Hacıyevi narahat edir. Səbəbini bilmirəm, bir böyüyünü də tanımıram ki, bu uşağın niyə belə etdiyini soruşum. Amma yox, onun əmisi, tanınmış siyasət adamı Hafiz Hacıyevdən bu məsələni öyrənmək olar. Çünki hörmətli Hafiz bəy Azərbaycanda ermənilərə kimlərin işlədiyini, kimlərin onlarla qohum olduğunu yaxşı bilənlərdəndir və düşünürəm ki, qardaşı oğlunun da bu erməni sevgisinin səbəbini cəmiyyətə izah edə bilər.

Erməni sevgisinə gəlincə, bu ifadəni də təsadüfi işlətmirəm. Yuxarıda yazdım, bir daha vurğulayıram: bu adamı ən çox narahat edən mənim ermənilərə qarşı çıxışım olub. Bundan başqa, adam Varşavaya ermənilərə işləyən Çexiya təşkilatı – PiN-in tədbiri üçün gedib. Məhz bunun üçün!

Biz də illərdir deyirik ki, PiN ümumiyyətlə türk düşməni olan, Qarabağın müstəqil dövlət kimi tanınması üçün çalışan, qondarma erməni soyqırımına görə Türkiyəni yerdən yerə vuran təşkilatdır. Bu təşkilat haqqında daha geniş bilgini təcrübəli ekspert, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, eyni zamanda sözügedən Varşava toplantısında fəal şəkildə iştirak etmiş Sahib Məmmədovun Facebook statusundan təqdim edirik.

Sahib Məmmədov boş və faktsız danışan adam deyil və onun yazdığının altına ürəklə mən də imzamı qoya bilərəm. Buyurun, Sahib Məmmədov yazır: “Mən Ermənistanın təşəbbüsü ilə onun vaxtilə Çexiyada yaratdığı PiN təşkilatının təşkil etdiyi tədbirə gedənlər, çxış edənlər barədə heç nə deməmişəm. Demək də fikirim yoxdur. Sadəcə təşkilatçılardan biri sırf ermənilərlə bağlı təşkilatdır. Mən indi onların qısa tarixçəsini yazacam, hər kəs özü qiymət verər:

Əvvəlcə digər təşkilatçı – Polşa Helsinki Fondu haqqında. Bu Fonda bizi bağlayan mərhum Marek Novitski olub. O Azərbaycanı çox sevirdi. Lakin o vəfat edəndən sonra Fonda hazırda Danuta Przywara rəhbərlik edir. O Azərbaycana nifrətini gizlətmir. Onun barədə bir cümlə yazacam kifayət edəcək. Deməli, xanım uzun müddət SSRİ EA Nüvə Tədqiqatları İnstitutunda işləyib, özü də Şimali Qafqazda, Trnauz rayonu, Neytrino qəsəbəsindəki ən məxfi sahədə. İndi bu xanım Azərbaycan Avropa İttifaqı ilə münasibət quranda, enerji layihələrini müzakirə edəndə aləmi qatır bir-birinə. Yəni xətt aşkar görünür. Bu belə.

Çexiyanın PiN təşkilatı (mənası: Möhtac İnsanlar). Bu təşkilatın yaradıcısı və lap bu yaxınlara qədər rəhbəri olan, hazırda de-fakto rəhbərlik edən Azərbaycan xalqını, milli qəhrəmanlarımızı təhqir edən Yaromir Ştetinadır. Bu təşkilat necə yaranıb?

Amma əvvəlcə bu Yaromir haqqında. 1968-ci ildə Sovet qoşunları Praqa qiyamını yatırdıqdan sonra minlərlə çex gəncini cəlb edib məlum qurumla əlaqəyə. Bu Yaromir də orda olub. 1988-ci ildə Spitakda zəlzələ olanda bir qrupla Spitaka yardım gətirib. Elə ordaca bu bədnam təşkilatı yaradıb. O vaxt əlbəttə zəlzələ qurbanlarına köməyinə sözüm yoxdur. Bu normaldır. Sonrasına baxaq.

1. Bu bədnam təşkilat beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud surətdə pozub. Beynəlxalq humanitar hüququn prinsipinə görə, humanitar yardım hər iki tərəfə olmalıdır. Məsələn, Qırmızı Xaç ancaq belə edir. PiN birinci Qarabağ müharibəsində Xankəndində hospital açıb və yalnız erməni yaralıları müalicə edib.

2. 1992-ci ildə əsirlikdən qayıdanlar mənə danışmışdı ki, bir dəfə bir yaralı Azərbaycan əsiri ermənilər gətirib bu hospitala, amma PiN onu qəbul etməyib. Həyətdə qanı axa-axa ölüb.

3. Bu təşkilat “erməni genosidi” və “Artsaxın müstəqilliyinin tanınması” ilə bağlı qətnamə layihələri hazırlayıb və Aİ parlamentinə təqdim edib.

4. Bu PiN – rəhbərləri, üzvləri dəfələrlə işğal olunmuş ərazilərə səfərlər edib və etməkdə davam edir və XİN-in qara siyahısındadır adı.

5. Bu bədnam təşkilatın adı bizim körpə girovların orqanlarının ticarətində hallanır. Bədnam Alla Sarobyanla birgə bu cinayəti törədiblər və bu barədə hətta Rusiya mətbuatında o vaxtlar yazı da gedib.

6. Bu təşkilat heç vaxt Azərbaycandan başqa heç bir ölkədə insan hüquqlarının vəziyyətini müzakirə etmir.

7. Aşağıda bu təşkilatın liderinin erməni qəzetlərindəki yazısını və videosunu qoyacam. Görün nə qədər nifrət edir Azərbaycana. (bit.ly/2mCyWvy)

8. Bu PiN ermənilər üçün Azərbaycanda şəbəkə yaradıb və təlim adı ilə cəlb etdiyi QHT nümayəndələrini, jurnalistləri və vəkilləri təsir agentinə çevirib və şəbəkəyə qoşub.

9. Bu təşkilat son 3-4 ildə səhifəsində Ermənistanla bağl bütün əvvəlki fəaliyyətini silib. İndi özünü humanitar təşkilat kimi sırıyır.

Məncə nəticə çıxarmaq üçün bəs edər. Kim bundan sonra da bu təşkilatı erməni təşkilatı saymırsa özü bilər, amma mənə əksini sübut etməyə cəhd etməsin.

P.S. Təşkilat Çexiyada qeydiyyatdan keçibsə bu o demək deyil ki, erməni təşkilatı deyil. Məsələn, Amerikada və Avropada yüzlərlə erməni təşkilatı var, hamısı həmin ölkələrdə qeydiyyatdan keçib və orda fəaliyyət göstərir.”

Məncə, əlavə şərhə və bilgiyə ehtiyac yoxdur. Əslində, Bəxtiyarın da mənim yerə atdığım sözü özünə götürüb diqqəti yayındırmaq cəhdini başa düşürəm. Bu adam sonradan anlayıb ki, bu PiN adlı şeytan uzantısının dəvətilə Varşavaya gedib çıxış etməklə nə qədər böyük qələtə yol verib. Buna görə də özünü təmizə çıxarmaq, ictimai rəyi yayındırmaq üçün Azər Həsrətin “qırıq-sökük” ruscasını gündəmə gətirir. Ay səni xətəkar…

Sözardı: “Varşavada ermənilər və bizdən olan uzantılarıyla üz-üzə gəldik” adlı yazımda nəzərdə tutduğum erməni uzantıları arasında bu Bəxtiyarı düşünməmişdim. Çünki PiN-in tədbirində iştirak etməmişdim, orda nə danışıldığından xəbərim olmadığı üçün münasibət bildirməməyə qərar vermişdim. Mənim nəzərdə tutduğum erməni uzantıları işçi sessiyalarda çıxış edən, özəlliklə də mənim çıxışlarım zamanı meymunluq edən, öz çıxışlarında Azərbaycanın qara tablosunu cızmağa cəhd gösətərənlər idi. Amma bəlli olur ki, Bəxtiyr da orda çıxış etmədiyi halda özünü o sırada hiss edir və hamıdan qabaq yerə atdığım sözü özünə götürüb…

Sözardına sözardı: Belə tədbirlərdə tez-tez oluram. Həmişə müşahidə etmişəm ki, ermənilər ümumiyyətlə Qarabağ məsələsi haqqında danışılmaması üçün çalışırlar. Mənsə daim bu məsələni gündəmə gətirib müzakirələrə rəvac verirəm. Ona görə də məni tanıyan ermənilər şəxsimi görəndə açıq şəkildə narahat olurlar. İndi bu Harvard məzunu Bəxtiyar Hacıyevin də ermənilər kimi rahatsızlıq keçirməsini hara yozaq, onu bilmirəm. Hər halda, əmisi Hafiz Hacıyev buna bir münasibət bildirər…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...